Azərbaycan-ABŞ əlaqələri haqqında danışdıqda bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub.
Bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.
“Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Qeyd edib ki, müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışırdılar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər.
Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir
Bu gün Avropanın bizim təbii qazımıza böyük ehtiyacı var.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
Bu məsələdə riyakarlığa son qoyulmasının vacibliyini qeyd edən dövlətimizin başçısı bildirib: “Avropa bir tərəfdən bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən onlar bunu maliyyələşdirmirlər”.
Prezident İlham Əliyev, həmçinin vurğulayıb: “Onlar istəyirlər ki, biz Cənub Qaz Dəhlizini genişləndirək, 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər, söhbət TANAP-dan gedir. TAP-ı 10 milyarddan 20 milyard kubmetrə çatdıraq. Biz oraya milyardlarla pul yatırmalıyıq. Deyə bilərəm ki, Cənub Qaz Dəhlizinə yatırdığımız sərmayənin hələ də tam mənfəətini götürməmişik. Bizim neft və qaz sahəsindən əldə etdiyimiz gəlir hələ də bu borcun ödənilməsinə yönəlib. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait yatıraq. Eyni zamanda, deyirlər ki, on ildən sonra Avropa İttifaqının qaza ehtiyacı olmayacaq. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmayacağı qaza on milyard dollarlarla vəsait qoyaq?!”
.