Azərbaycanın I Liqa klubu “İrəvan”a sanksiya tətbiq oluna bilər.

Buna səbəb komandanın futbolçu Asim Əlizadəyə olan borcunu ödəməməsidir.

AFFA Oyunçuların Statusu və Transferi Komitəsi yarımmüdafiəçi ilə yanaşı, məşqçi Aleksandr Jidkova olan borcun da ödənilməsini tələb edib. Mayın 1-dək öhdəlik yerinə yetirilməsə, klub lisenziyasının əlindən alınmasından tutmuş, hesabından xal silinməsinə qədər ciddi cəza ilə üzləşə bilər.

Məsələyə aydınlıq gətirən AFFA-nın mətbuat xidmətindən bildirilib ki, belə hallarda müddət tamamlandıqdan sonra futbolçu növbəti dəfə müraciət ünvanlayır. Bunun ardından məsələyə baxılır. Yekunda isə FIFA qaydalarına uyğun cəza AFFA tərəfindən tətbiq olunur.

Qeyd edək ki, ötən gün “İrəvan”ın futbolçuları Ege Atlam və Fəhmin Muradbəyli danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırılıblar. Komandanın digər üzvləri Ramin Məhərrəmovla Kamal Mirzəyev isə danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiklərindən, 1 il şərti olmaqla 2 illik futbol fəaliyyətindən məhrum ediliblər.

.