“2022-ci il Azərbaycan-İtaliya münasibətlərində xüsusi önəm kəsb edir. Bu gün biz diplomatik münasibətlərimizin təsis edilməsinin 30 illiyini qeyd edirik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində çox ölçülü münasibətlərin gücləndirilməsi ilə bağlı birgə bəyanat mühüm əhəmiyyət kəsb edir: “Bu gün biz həmin sənədə uyğun olaraq Strateji Dialoqun birinci iclasını keçirdik. Azərbaycan-İtaliya münasibətlərini dostluq münasibətləri adlandıra bilərik. Münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlib”.

Ceyhun Bayramov Luici Di Maio ilə müzakirə etdiyi bəzi məsələləri açıqlayıb

“Bu gün apardığımız müzakirələr zamanı münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2021-ci ilin yekununa dair məlumata əsasən, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları həcminə çatıb: “İqtisadi sahədə danışarkən enerji əməkdaşlığı bu formatın ən geniş hissəsini təşkil edir. Uzun illər ərzində Azərbaycan İtaliya üçün neft və neft məhsullarının 1 nömrəli təchizatçısı olub. “Trans-Adriatik” boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qazının Avropa məkanına, ilk olaraq İtaliyaya çatması mümkün olub. TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın enerji sahəsində rolu artdı. Hörmətli həmkarıma Azərbaycandakı alternativ enerji mənbələri ilə bağlı istiqamətlərdə də birgə əməkdaşlığın həyata keçirilməsi imkanları barədə də məlumat verdim”.

İtaliya-Azərbaycan Universitetinin təməli qoyulacaq

“İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə dair müəyyən müddətdir hazırlıq işləri aparılırdı”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İtaliya tərəfindən 5 aparıcı universitetdən ibarət olan qrup bu prosesdə sıx iştirak edirdi. Bu gün yeni İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçiriləcək: "Bu, yüksək ixtisaslı kadrların hazırlanması deməkdir. Daha geniş məfhumda isə insanların bir-biri ilə sıx əlaqəsinə təkan verən önəmli layihə kimi dəyərləndirilməlidir".

İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır

İtaliya şirkətləri Azərbaycanda tarixi abidələrin bərpası ilə sıx məşğuldur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu sahədə İtaliya şirkətlərinin çox mühüm təcrübəsi var: “Bu sahədə də münasibətlərin inkişafına diqqət yetiriləcək. Yaxın zamanlarda İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır”.

Nazir: "İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaq"

“Regional məsələlər barəsində də müzakirələr apardıq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həmkarıma 30 illik işğala son qoyulandan sonra azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesi barədə məlumat verib: “30 ilə yaxın müddət ərzində, torpaqlarımızı işğal altında olanda İtaliya prinsipial mövqe sərgiləyib. Eyni zamanda, torpaqlarımız azad olunandan sonra İtaliyadan olan həm hökumət, həm parlament nümayəndə heyətləri Avropadan ilk səfər edənlər arasında olub. Bu gün Azərbaycan üçün əsas prioritet o ərazilərin minalardan təmizlənməsi, yenidənqurma işlərinin aparılması və məcburi köçkünlərin ora qayıtmasıdır. Artıq bu prosesdə də İtaliya şirkətləri fəal iştirak edirlər. Bu şirkətlərin sayının artırılmasına böyük maraq var. Mən minatəmizləmə sahəsində Azərbaycan hökumətinin apardığı işlər barədə də həmkarıma məlumat verdim. Həmkarım bu gün təsdiq etdi ki, İtaliya şirkətləri minatəmizləmə sahəsində əlavə addımlar atacaqlar”.

.