Bu gün Baş nazir, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Nazirlər Kabineti xəbər verir ki, iclasda Holdinqin idarəetməsində olan portfel şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-in portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə AİH-in Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair Holdinqin MŞ-nın üzvləri, İdarə Heyətinin sədri və iclasa dəvət olunan kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər.

İclasın yekununda MŞ-nın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.

.