Azərbaycan idmanı tarixində ilk yaşanacaq.

Erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq.

Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək.

“Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq. Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.

Bunu apasport.az saytının əməkdaşı ilə söhbətində Şuşa təmsilçisinin təsisçi-direktoru, eyni zamanda, kapitanı İlqar İmamquliyev də təsdiqləyib. O bildirib ki, “Xarı Bülbül Şuşa” Avropa səhnəsinə həm uğurlu nəticələr, həm də Şuşanı dünyaya tanıtmaq üçün çıxacaq. Komanda uzun illər düşmən işğalı altında olan şəhəri layiqincə təmsil etmək üçün heyətini də gücləndirəcək və azarkeşlərinə sevinc bəxş etməyi planlaşdırır.

.