Azərbaycandan olan ekspertlər Moskvada “Primakov qiraətləri” X beynəlxalq forumunda iştirak edəcəklər.

Bu barədə Forumun Təşkilat Komitəsinin sədr müavini, Rusiya Elmlər Akademiyasının Yevgeni Primakov adına Dünya siyasəti və Beynəlxalq Münaisbətlər İntitutunun prezidenti, akademik Aleksandr Dınkin TASS-da keçirdiyi mətbuat konfransında deyib.

O, “Primakov qiraətləri” beynəlxalq forumunda 18 ölkədən 40-dan çox xarici qonağın iştirak edəcəyini söyləyib.

Forumun “Rusiya qlobal kontekstdə” mövzusuna həsr olunacağını bildirən Dınkin ekspertlərin Rusiya üçün xarici çağırışları müzakirə edəcəyini açıqlayıb: “Bu mövzunun seçiminin səbəbi nədir? Qərb iqtisadiyyatımızı təcrid etmək qabiliyyətini səhv hesabladı. Rusiyaya qarşı sanksiyalar yalnız Qlobal Cənub, BRİCS, ŞƏT və Aİİ ölkələri arasında əlaqələri gücləndirir. Bütün bunlar qlobal iqtisadiyyatın parçalanma trayektoriyasına maneələrdir. İnsanda belə bir hiss yaranır ki, Qərbdəki ekspertlər Rusiya reallıqlarını getdikcə daha az başa düşürlər. Ona görə də biz bu dəfəki forumu “dünyada Rusiya” mövzusuna yönəltməyə qərar verdik”, - deyə Aleksandr Dınkin qeyd edib.

 

Akademik onu da vurğulayıb ki, forumda Rusiya və xarici ölkələrin elmi-ekspert ictimaiyyətinin, dövlət orqanlarının, siyasi və işgüzar dairələrinin 1000-dən çox nümayəndəsinin iştirakı planlaşdırılır: “Forumda müzakirələr BRİCS-in yeni qlobal iqtisadi arxitekturanın formalaşmasında rolu, Böyük Avrasiya ölkələri arasında qarşılıqlı əlaqə vektorları, formalaşmaqda olan dünya nizamının hərbi-strateji sferada çoxmərkəzli xarakteri, təsirləri, Avropa təhlükəsizliyinin gələcək konturlarında müasir böhranlar, Rusiya iqtisadiyyatının imkanları, habelə beynəlxalq münasibətlərdə mədəniyyətin rolu kimi mövzulara həsr olunacaq.

Qeyd edək ki, “Primakov qiraətləri” X Beynəlxalq Forumu iyunun 25-26-da Moskvada keçiriləcək.

.