Bu gün hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 1 saat 30 dəqiqə davam edib. İmtahanda 1 153 nəfərin iştirakı gözlənilirdi.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 104 nəzarətçi-müəllim ayrılıb, 11 buraxılış rejimi əməkdaşı (mühafizə), 5 bina nümayəndəsi ayrılıb.
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb.
İyunun 13-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin 1 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
.