Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə oğlan boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Federasiyadan verilən məlumata görə, 25 ölkədən 361 idmançının mübarizə apardığı yarışda Azərbaycan millisi 7 qızıl, 3 gümüş və 8 bürünc medal qazanıb.
Bu medallardan 11-nə yeniyetmə boksçularımız sahib olub. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər 5 finalçımızın rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də təmsilçilərimiz qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə ilə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.
Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.
Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.
Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb.
Beləliklə, yeniyetmə boksçularımız 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.
.