AZAL 2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılmasını, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmamızın formalaşdırılmasını planlaşdırır.
Bunu “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev deputatlarla görüşdə bildirib.
Samir Rzayev deyib ki, donanmanın genişləndirilməsi yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çeviklik təmin edəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti qeyd edib ki, strategiyalarının digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır. Qeyd edilib ki, belə aviapark ilk növbədə,kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcəkdir.
Tərəflər həmçinin, marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.
Görüş iştirakçıları həmçinin, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.
.