– Aynur xanım, Məmməd Nazimoğlu kim idi?
– Məmməd Nazimoğlu mənim nəzərimdə Azərbaycan mediasının nəhəng simalarından biridir. Məncə, bu həqiqətən belədir... Mənim özüm üçünsə, sözün həqiqi mənasında, bir universitet idi! Mən jurnalistika fakültəsini bitirməmişəm. Amma düşünürəm ki, Məmməd müəllimlə işləməyim mənim üçün bir universitetdə təhsil almağa bərabərdi.
– Bəs biz onu niyə tanımırıq?
– Əslində, haqlısınız, doğrudan da, Məmməd Nazimoğlu kimi bir istedad sahibi, böyük bir insan bu gün layiq olduğu səviyyədə tanınmır. Zamanında isə kifayət qədər yaxşı tanınır və sevilirdi. O, yaxın keçmişimizdə Azərbaycan mediasında ən çox sevilən, ən çox aranan və ən çox hörmət edilən bir imza sahibiydi. Amma təəssüf ki, Məmməd Nazimoğlu imzası brendləşmədi. İndi siz deyirsiz ki, yaşıdlarınız Məmməd Nazimoğlunu tanımır, heyrətlənirəm. Əslində jurnalistika bax, belə amansız peşədir. Nə qədər ki, qələm əlindədir, yazırsan, tanınırsan, populyarsan... Elə ki, yazmadın, unudulursan. Media da səhnə kimidi...
Bir səbəb də odur ki, Məmməd Nazimoğlu həddən ziyadə iddiasız bir inşan idi. Heç vaxt şöhrət ardınca getmədi. Bir çoxundan fərqli olaraq, o, müsahibələr verməyə, özü haqqında kitablar yazmağa və yaxud yazdırmağa, yubiley məclisləri, tədbirlər, toplantılar keçirməyə həvəsli deyildi. Mən ümumiyyətlə, mediamızda Məmməd Nazimoğlu qədər iddiasız, təkəbbürsüz, sadə, təvazökar, öz nəhəngliyinin fərqində olmayan ikinci bir insan xatırlaya bilmirəm. Onun bənzəri yoxdur aramızda. Belə insanlar barmaqla sayıla biləcək qədər azdır. Və bəlkə də elə az olmalıdırlar...
Daha bir səbəb də odur ki, Məmməd müəllimin fəaliyyəti əsasən, print media dövrünə təsadüf edir. İnternet mediası yarananda Məmməd Nazimoğlu artıq öz hücrəsinə çəkilmişdi. Bir qeyri-hökumət təşkilatında – "Avciya”da, yanılmıramsa, icraçı direktor işləyirdi. Onun həyatının son illəri "Avciya” ilə bağlıdır. Ona görə də qismət olmadı ki, Məmməd müəllimin də yazıları indiki yazarlar kimi sosial şəbəkələrdə paylaşılsın, oxunsun, yayılsın. Qismət olmadı ki, internet mediasında onun da yazıları arxivləşsin, "google”də axtarış verəndə onun da yazılarına rast gəlinsin...
Çox yaxşı bir araşdırmaçıya ehtiyac var ki, Məmməd Nazimoğlunun yaradıcılığını öyrənsin, təhlil eləsin, bir yerə toplayıb əsərə, topluya çevirsin. Bunu mütləq kimsə eləməlidir. Gərək, o araşdırmaçı çox zəhmətkeş, istedadlı, həm də Məmməd Nazimoğlunu ürəkdən sevən bir insan olsun. Çünki bunun üçün günlərlə, aylarla gedib kitabxanalarda işləmək, arxivlərin tozunu udmaq lazımdır.
– Yazıları əsasən, harda çap olunurdu?
– Vaxtilə "Aydınlıq” qəzetində ən populyar imza olub. "Aydınlıq” qəzetinin 3 yaradıcısından biriydi - Babək Hüseynoğlu, Mahal İsmayıloğlu və onun adıyla bağlı olan "Aydınlıq” 90-cı illərin ən çox oxunan qəzetiydi. Və bəlkə də yeganə qəzet idi ki, birinci səhifədən deyil, sonuncu səhifədən oxunurdu. Çünki sonuncu səhifədə Məmməd müəllimin "Çayçı Məhəmməd” rubrikası vardı, "Məhəmməd Tantəkin Xalqaqul” imzasıyla yazırdı. Çox qəribə yumoru vardı Məmməd müəllimin. Yalnız güldürmürdü, düşündürürdü, mübariz edirdi adamı. Artıq Azərbaycan mediasında o yumor yoxdur. Heç kim Məmməd Nazimoğlu kimi yaza bilmir... Onun "Xalq qəzeti”, "Mentalitet”, "Şans”, "Ulus” qəzetlərində çap olunan yazıları bir zamanlar "Molla Nəsərddin”də çap olunan yazılar qədər dəyərlidir. Hətta Mirzə Fətəli Axundovun, Sabirin əsərləri bu gün nə qədər aktualdırsa, düşünürəm ki, Məmməd müəllimin yazıları da Azərbaycan mediası və ictimaiyyəti üçün o qədər əhəmiyyətlidir.
– Maraqlıdır, Məmməd müəllimlə münasibətiniz hansı səviyyədəydi? Dost idiniz? Necə tanış olmuşdunuz?
– Məmməd müəllimlə ilk dəfə 1997-cı ildə tanış olmuşam. Bakı Sosial İdarəetmə və Politologiya İnstutunun Politologiya fakültəsində dördüncü kursda oxuyurdum. Və hiss eləyirdim ki, təhsil aldığım ali məktəbdə, oxuduğum fakültədə özümü tapa bilmirəm. Çünki jurnalistika mənim uşaqlıq arzumdu, ona görə də bu sahədə fəaliyyət göstərmək istəyirdim. Elə bu arzu ilə "Xalq qəzeti”nə gəldim. Məmməd müəllim "Xalq qəzeti”ndə baş redaktorun birinci müavini idi. Məmməd müəllimə jurnalist olmaq istədiyimi dedim. İlk dəfə həddindən artıq qaraqabaq bir insan təsiri bağışlamışdı. Ciddiyətlə məni dinlədi. O vaxt hər həftə sonu "Xalq qəzeti”nin "Cümə əlavəsi” dərc olunurdu. "Xalq qəzeti”nin formatından fərqli, A3 formatda, 32 səhifə dərc edilirdi. Daha çox ədəbiyyat və mədəniyyət yönümlü idi. Məmməd Nazimoğlu məni "Cümə əlavəsi”nin redaktoru Rauf Ağayevlə tanış elədi və mən orada ştatdankənar müxbir kimi işləməyə başladım...
– Yəni Məmməd Nazimoğlu sizin müdiriniz olub...
– Bəli. Amma bu, uzun çəkmədi. Bir müddət sonra o öz ərizəsi ilə baş redaktorun birinci müavini vəzifəsindən getdi. Əslində o vaxtkı rəhbərliyin orda yaratdığı dözülməz mühitdən başını götürüb getdi. Və özünün "Mentalitet” adlı qəzetini yaratdı.
– Xaraktercə necə insan idi? Deyib-gülən, yumorist, yoxsa tamamilə ciddi?..
– Yenə deyirəm, ilk gördüyümdə mənə həddən artıq ciddi və qaraqabaq insan təsiri bağışlamışdı. Amma "Xalq qəzeti”ndən gedəndən sonra onun tamamilə yeni bir xarakterini kəşf elədim. Yeni bir rakursda, yeni bir ampluada gördüm. Təsəvvür eləyin ki, vəzifədə olan bir məmur sanki qəflətən azadlığa çıxır. Bu azadlıq ilk növbədə onun zahiri görkəmində hiss edildi. Məmməd müəllimi həmişə kostyumda - qalstuqda, ağ köynəkdə görməyə adət eləmişdik. "Xalq qəzeti”ndən sonra o, ilk olaraq qalstuqdan imtina elədi...
Yaxşı xatırlayıram ki, o vaxt media cameəsi "Mentalitet” qəzetini maraqla gözləyir, maraqla oxuyurdu. Çünki Məmməd Nazimoğlunun "Aydınlıq” qəzeti ilə işıqlı bir keçmişi vardı. Təbii, ictimaiyyət gözləyirdi ki, "Mentalitet” qəzeti də ən azı "Aydınlıq” qədər şan-şöhrət qazanacaq. Ancaq çox təəssüflər olsun ki, Məmməd müəllimin bu layihəsi uğurlu alınmadı. Deyəsən, təkcə dəyişən zaman yox, həm də oxuculardı...
– Səbəb nə idi, niyə uğurlu alınmadı?
– SSRİ-nin dağılma ərəfəsindəki əhval-ruhiyyə dəyişmişdi. O dövrün romantik, inqilabçı ruhlu fədakar insanları artıq yoxuydu. Daha insanlar alaqaranlıqdan köşklərin qarşısında dayanıb qəzet gözləmirdi. Qəzetlərə inam azalmışdı. Yaxşı qəzet çıxarmaq üçünsə yaxşı maliyyə lazım idi. Onun belə bir maliyyəsi olmadı. Xatırlayıram, "Cümə əlavəsi”nin əməkdaşları ilə bir-iki dəfə onun ofisinə getmişdik. Dilarə Əliyeva küçəsində çox balaca bir ofisi vardı. Dostlarından biri özünün yaşamadığı evini ona ofis kimi vermişdi. Yəni hətta normal ofis saxlamaq üçün belə maddi imkanı yox idi. Cəmi bir-iki əməkdaşı vardı...
– Söhbət neçənci ildən gedir?
– 1999-cu il idi. "Mentalitet” qısa müddət ərzində işıq üzü gördü. Bu o vaxt idi ki, artıq Azərbaycan oxucusu krassvordlara, əyləncəli qəzetlərə meyillənməkdəydi. Yeni nəsil intellektual insanların qələmindən çıxan yazıları oxumağa o qədər də maraqlı deyildi.
– 2008-ci ildə dünyasını dəyişdi. Ömrünün son günlərini necə keçirdi?
– Ömrünün son günləri, bildiyim qədər, xəstəxanalarda keçdi. Həm şəkər xəstəsiydi, həm də hepatitdən əziyyət çəkirdi. Onu Türkiyəyə də apardılar, amma çarəsi tapılmadı. Amma mən düşünmürəm ki, Məmməd Nazimoğlunu xəstəliklər öldürdü. Bəzən deyirlər ki, şəkər - xəstəlik deyil, həyat tərzidir. Şəkərlə uzun illər yaşayan, yaşlaşan insanlar tanıyıram. Və yaxud hepatitin də müalicəsi var, vaxtında müayinə edib sağaltmaq mümkündür.
– Bəs onu nə öldürdü?
– Məmməd müəllim özü nə qədər işıqlı insan idisə, həyatı, taleyi bir o qədər parlaq deyildi. O istedadla, o intellektlə, o şəxsiyyətlə Məmməd Nazimoğlu çox yaxşı şeylərə layiq idi. İlahidən bu qədər şanssız olmaq mümkünsüzdü. O, çox gözəl bir həyata, rahat, qayğısız ömür yaşayıb yaşlanmağa, pensiyaya çıxmağa, dünyaya səyahət etməyə, övladlarının xoş gününü görməyə, nəvələriylə əl-ələ şəhəri gəzməyə, onlara nağıllar danışmağa necə də layiq idi...
Mən Məmməd müəllimi tez-tez xatırlayıram. Hər dəfə elə bil qabarlı, kələ-kötür bir əl var gücü ilə ürəyimi sıxır... Çox kədərlənirəm. Hətta uca səslə hönkürmək istəyirəm. Mən gənc jurnalist ikən tez-tez Opera və Balet Teatrında, Akademik Milli Dram Teatrında məşhur tamaşaların məşqlərinə gedərdim. Və qəribəydi ki, məşq prosesi o tamaşaların premyerasından daha maraqlı gəlirdi mənə. Hər dəfə hansısa səhnəni məşq edəndə rejissorun hündürdən səsi eşididlirdi: "Olmadı... Bir də... Bir də...Yenidən...” Bax, indi mənə elə gəlir, Məmməd müəllimin də dünyaya gəlişi, yaşayışı sadəcə, məşq idi, bəzi səhnələr onda alınmadı. O, böyük Səhnəyə çıxa bilmədi... İstedadsızlığından deyil, şanssızlığından! Böyük haqsızlıq oldu ona. Fikirləşdikcə adamı yandırıb yaxır. Amma... Mənə elə gəlir, Rejissor (Allah) onu bir də, yenidən Səhnəyə çıxaracaq, özü də daha mükəmməl bir performansla. Daha mükəmməl, daha professionalca bir obrazı ifa edəcək Məmməd müəllim. Əsl Məmməd Nazimoğlunu... Bizim çox sevdiyimiz, əzəmətli, nəcib Məmməd müəllimi... Belə olmazsa, olmaz.
- Böyük ədalətsizlik olar yəni...
- O, heç bir müstəvidə öz yüksək qiymətini almadı. Azərbaycanda onlarla insan saymaq olar ki, nə istedadı var, nə intellekti, nə şəxsiyyəti, nə ləyaqəti... Amma qətiyyən layiq olmadıqları şöhrətə sahibdirlər. Məmməd müəllim isə çox istedadlı, ləyaqətli, şəxsiyyəti olan, namuslu bir insan idi, ancaq... Həmişə mənə elə gəlib ki, Məmməd müəllim mənim atamdı, qardaşımdı. Bu doğmalıq onun ətrafındakı bütün qadınlara qarşıydı. Biz "Şans” və "Ulus” qəzetlərində də birgə işləmişik. Bütün qızlar onu çox istəyirdi, kimin nə dərdi, problemi olurdu, gəlib ona danışırdı, onunla dərdləşirdi.
Məmməd Nazimoğlunun 3 oğlu var, qız övladı yoxdur. Tez-tez onun dilindən eşidirdim ki, mən qız atası deyiləm, amma sizə görə narahatlıq keçirirəm ki, görəsən, gələcəyiniz necə olacaq, necə bir insanın əlinə düşəcəksiniz?! Hətta özünə yad olan qadınların, qızların belə taleyini düşünürdü. Bu qədər istiqanlı, içi sevgiylə dolu insan idi.
– Şəxsi həyatı haqqında nəsə bilirsinizmi?
– Əslində, Məmməd Nazimoğlunun şəxsi həyatı barədə çox məlumatlı deyiləm. Ancaq onu daha yaxından tanıyan insanlardan eşitdiyimə görə Məmməd müəllim ailədə də o qədər xoşbəxt olmayıb.
– Cəmi 48 il yaşadı...
– Bəli, 48 yaşında vəfat etdi. Əslində, düşünürəm ki, gənclik illəri Azərbaycanın müstəqillik davası dövrünə düşən insanların çoxunun həyatı Məmməd müəlliminki kimi alınmayıb. Yəni kimlər ki, mübarizə meydanında olub, onların heç birinin şəxsi həyatı gətirməyib. Bəlkə də o deyimdə bir hikmət var ki, xalq qəhrəmanını ya kürsüdə, ya da dar ağacında görmək istəyir... Bəzi talelər də dolayısıyla Dar Ağacıdı... Yaşamaq deyil, asılmaq, asılı qalmaqdı əslində. Məmməd müəllim həddindən artıq zəhmətkeş, eyni zamanda gözü-könlü tox insan idi. Heç kimdən heç nə ummurdu, Allah adamıydı. Kamera qarşısında ən öndə dayanmaq, görünmək, özünü göstərmək, özü üçün nələrsə tələb etmək ona yad xüsusiyyətlər idi. Məsələn, mən "Ulus” qəzetində işlədiyim vaxtları xatırlayıram. Orda bir qayda olaraq bizim maaşlarımız çox gecikirdi. Bəzən bir ayın maaşını iki ay sonra alırdıq. Hamımız ehtiyac içindəydik. Amma hər halda Məmməd müəllim daha böyük bir ailə sahibiydi, onun ehtiyacı şübhəsiz, bizdən qat-qat çoxuydu. Buna baxmayaraq heç vaxt görmədim ki, o öz vəziyyətindən, maddi durumundan şikayətlənsin. İşə də piyada gəlib-gedirdi, bəlkə də yol pulu, bəlkə də günorta nahar eləməyə pulu olmurdu...
– Hansısa fəxri adı vardı?
– Eşitməmişəm. Hər halda, olsaydı, bilərdim. Soruşdunuz, indi bir şeyi də xatırladım. 2005-ci il idi, yenicə deputat seçilmişdim. Media məni sağdan da, soldan da qılınclayırdı. Həmin vaxt heç gözləmədiyim halda Məmməd müəllim mənə zəng elədi. Hal-əhval tutdu, təbrik elədi və dedi ki, sənlə bağlı yazılanları oxuyuram, amma qətiyyən sınma! Adamı ən çox yaxınındakılar yıxmağa çalışır. Dedi ki, heç nəyə fikir vermədən irəli get və yalnız düşün ki, düz eləmisən. Dedi ki, indi bunu etməsəydin, 10-15 il sonra peşman olacaqdın. Çünki mənim də vaxtilə elə şanslarım olub, elə təkliflər almışam, onları dəyərləndirmədiyimə görə indi peşmanam.
– Onu kimlə müqayisə etmək olar?
– İndi mediada elə bir yazar yoxdur ki, onu Məmməd Nazimoğlu ilə müqayisə edim.
– Maraqlı gəldi. Dediniz, kitabı da yoxdur. Oxuyardıq...
– Səhv eləmirəmsə, ölümündən sonra yaxın dostu, jurnalist İlham Abbasovun Məmməd Nazimoğlu haqqında xatirə kitabı çap olunub.
– Təşəbbüs göstərib, onun yazılarından ibarət bir kitab çap etdirə bilməzsinizmi?
– Əslində, çox yaxşı olardı. Kimsə irəli durub onun yazılarını toplasa, kitabın çap xərclərini öz üzərimə götürməyə hazıram. O, sentyabr ayında doğulmuşdu. Növbəti ad gününə kimi belə bir kitab... Gözəl ideyadır.
– Aynur xanım, onun yaxın dostları, ətrafı kimlər idi? Kimlərlə oturub-dururdu?
– Onun dostları çox idi, ən yaxın dostlarından biri də Hüseyn Əfəndi idi. Məmməd Nazimoğlu "Xalq qəzeti”ndən gedəndən sonra Hüseyn Əfəndi də işdən çıxdı. "Şans” qəzetində bir müddət bir yerdə işlədilər. Sonra Hüseyn Əfəndi gözlənilmədən dünyasını dəyişdi. Yadıma gəlir, jurnalistlər yığışıb Hüseyn Əfəndinin xatirə gecəsini təşkil eləmişdilər. Orda çox adam çıxış elədi. Heç biri yadımda qalmayıb. Ancaq Məmməd Nazimoğlunun sözlərini xatırlayıram. Xeyli danışdı... Sonra asta səslə dedi ki, Hüseyn Əfəndi üçün çox darıxıram və ağlayaraq, səhnəni tərk elədi.
Bizim Qurban Yaquboğlu ilə yaxın idi. Zöhrab Əmirxanlı, Azər Hüseynbala, Qulu Ağsəslə dost idilər. Onun ətrafında həmişə jurnalistlər olurdu.
– Dediniz üç oğlu var. Uşaqları nə işlə məşğuldu?
– Bildiyimə görə, böyük oğlu Orxan da jurnalistdir. İctimai Televiziyada çalışdığını eşitmişdim. O biri uşaqlarının durumundan xəbərdar deyiləm. Mən ümumiyyətlə, Məmməd Nazimoğlunun ailəsi ilə dəfn mərasimində tanış oldum. Səhv eləmirəmsə, "Xalqlar dostluğu” tərəfdə bir binanın həyətində yas çadırı qurulmuşdu. Həddindən artıq kədərli bir səhnəydi. Mənim nəzərimdə Məmməd Nazimoğlu bəlkə də Azərbaycan boyda bir insandı. Onun dəfn mərasimi, məzarı, yas mərasimi, yas mərasimindəki hüzn də böyüklüyünə layiq olmalıydı. Bu da bir ədalətsizlikdi onun qısa həyatında. Sönük mərasim, hətta yas çadırı belə Məmməd Nazimoğluna yaraşmırdı.
– Məmməd Nazimoğlunu xatırlayanda hər şey sizi kədərləndirir, yoxsa üzünüzü güldürən də nəsə var?
– Gözəl zarafatları vardı. Yazıları adamı düşündürdüyü qədər də güldürürdü. Dəyərli Məmməd Süleymanov Məmməd Nazimoğlu haqqında bir yazısında bildirir ki, onun yumoru qara yumor idi. Bəlkə belə də adlandırmaq olar. Amma mən onun yazılarında həmişə İşıq, Aydınlıq görmüşəm. Nə qədər sadə idi! Maraqlı məclis adamıydı. İnsanlarla çox yaxşı dil tapırdı, onları rahatca danışdıra bilirdi. Dostlarıyla həddən artıq zarafatcıl idi. Adam onun yanında heç vaxt darıxmazdı.
– Dediniz Allah adamı olub. Bəs içki ilə münasibətləri necə idi?
– Çox yaxşı. Toy məclislərində görmüşdüm, içki də içirdi. İçəndən sonra çox şən olurdu. Mən düşünürəm ki, Allah adamı olub-olmamağın spirtli içkiyə heç bir dəxli yoxdur. Məmməd müəllim çox pozitiv, müsbət aurası, enerjisi olan bir insan idi. Onun yeri boş qalıb və məncə, o yer heç vaxt dolmayacaq.
– Axırıncı dəfə harda qarşılaşdınız, nə danışdınız?..
– Son dəfə Xalça muzeyinin arxasında təsadüfən qarşılaşdıq. O görüşdən az sonra dünyasını dəyişdi. Çox arıqlamışdı, zəifləmişdi. Rəngi də çox qaralmışdı. O görüşə qədər onun xəstə olduğunu bilmirdim. Sarsıldım. Təəccüblə soruşdum ki, sizə nə olub, niyə beləsiniz? İndi düşünürəm ki, onu o hala salan sadəcə, xəstəlik deyildi. Yenə deyirəm, xəstəliyin Məmməd müəllimə gücü çatmazdı. Məmməd Nazimoğlunu həyat o günə qoymuşdu. Çox bədbəxt, yazıq, köməksiz görünürdü. Gülümsündü. Əzəmətli görünməyə cəhd etdi. Amma gözlərindən hiss elədim ki, artıq sona doğru irəliləyir. Onun gözlərində Ölümü gördüm o gün...
– Bir tərəfdən ağır həyat, ətrafındakı insanlar, bir də də maddi sıxıntılar...
– Hə... Bir ara çox maddi sıxıntılar yaşadı. Bilmirəm bunu danışmaq nə dərəcədə doğrudur. Avqustun axırıydı, "Ulus” qəzetində işlədiyimiz illərdəndi. Dediyim kimi, maaşlar çox gecikirdi, ehtiyac da boğazacan. Redaksiyamız İçərişəhərdə yerləşirdi. Həmişə işdən çıxıb evə getmək üçün piyada "Sahil” metrosuna enirdik. Metroda hamımız sağollaşıb ayrılırdıq. Yolda Məmməd Nazimoğlu dedi ki, dərs açılır, hələ uşaqlara məktəb bazarlığı edə bilməyib. Dedi, bilmirəm neyləyim. İlk dəfə idi ki, Məmməd müəllimin pul barədə danışdığını eşidirdim.
Bir rəfiqəmdən eşitmişdim ki, onun bir qonşusu sələmlə borc verir. Fikirləşdim ki, Məmməd müəllimə necə kömək eləyə bilərəm? Ağlıma rəfiqəmin qonşusu gəldi. Həmin rəfiqəm də tanınmış jurnalistdir. Məmməd müəllimə dedim ki, bəs filankəsin qonşusu sələmlə borc verir, bəlkə ondan pul götürəsiniz? Məmməd müəllim həmin jurnalistə zəng elədi. Xoşbəxtlikdən o həmkarımızda həmin məbləğ vardı...
– Nə qədər pul idi?
– Böyük məbləğ deyildi. Söhbət 50 dollardan gedirdi. Səhərisi gün yenə də təsadüfən metroda qarşılaşdıq. Mən ilk dəfə Məmməd Nazimoğlunun oğlanlarını gördüm. Araz, Aruz, Orxan. Uşaqların üzündən öpdüm. Məmməd müəllim dedi ki, uşaqları məktəb paltarı almağa aparır.
O qədər kədərliydi ki...
Çox dəhşətli səhnə idi...
Kəramət Böyükçöl