Azərbaycanda avtobus marşrutlarında məsəfəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.

Bu barədə diferensial gediş haqları ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.

“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir”, - deyə qurum əlavə edib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində, xüsusən Avropa ölkələrində ictimai nəqliyyatda çevik və diferensial ödəniş sistemi tətbiq edilir. Bu ölkələrdə metro, avtobus və tramvaylardan istifadə etmək üçün saatlıq, günlük, aylıq, illik biletlər sərnişinlərə təqdim olunur. Azərbaycanda da artıq dəmir yolu ilə sərnişin daşımalarında bu beynəlxalq yanaşmanın müəyyən qədər tətbiqinə başlanılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin daşımada loyallıq proqramına start verib. Bu proqrama görə, sərnişinlər gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar. Eyni zamanda, noyabrın 1-dən ADY-də bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.

Məlumat üçün deyək ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif ictimai müzakirələrdə Azərbaycanda ictimai nəqliyyat sistemində diferensial və çevik ödəniş sisteminin tətbiqinin lazımlılığı barədə fikirlər ortaya qoyulur. Bu sektorda keçirilməli olan islahatlar çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna, tələbələrə güzəştli gediş haqlarının tətbiqi məqsədəuyğun hesab edilir.

.