Meyxanaçı Namiq Qaraçuxurlu "Qafqazinfo”ya müsahibə verib.
Müsahibəni ixtisarla təqdim edir:
Elə bil ki, Aygün Kazımova ilə dünən ayrılmısız. Məsələ hələ aktualdır, gündəmdədir. Ancaq hər zaman sizə söz atan Aygün Kazımova olub.
- Səbəbini bilmirəm. Bilsəm belə söyləmərəm, xırdalamağın əleyhinəyəm.
- Amma qarşı tərəf yaxşı xırdalayır. Bağ evi, piano, mənzil və s.
- Hər kəs özünə yaraşanı edir. İstər mən, istərsə də qarşı tərəf...
"Aygünə cavab versəm özüm öz gözümdən düşərəm”
- Aygün xanım deyir ki, Namiq hər zaman qeyri-səmimi olub. Münasibətdə səmimiyyət olmayıb?
- Aygün xanımın mənə atdığı şər-böhtanlara cavab verməyim özümü öz gözümdən sala bilər. Özümə bunu yaraşdırmıram. Kimsə ittihamlara inanırsa, mənim problemim deyil. Hər kəsin öz düşüncə tərzi var. Bu məsələlərdə hamı öz ağlını göstərir. Mənim qeyri-səmimi olmağım bir nəfərin sözüylə qəbul edilirsə, qoy olsun!
- Aygün Kazımova iki balığına ad qoyub. Birinin Adı Elza (Elza Seyidcahan), digərinin adı Namiqdir. Bunu Elza xanım açıqlamasında demişdi... Sizin bu məsələyə münasibətiniz necədir?
- Sizə bir söz deyim. Zamanında Füzuli, Seyid Əzim Şirvaninin qəzəllərini oxumuşam. Mənim üçün bəzi sənətçilərin fikirlərini müzakirə etmək artıq bir şeydir. Onlar nə istəyirlərsə, danışırlar. Mənim buna vaxt ayırmağım düzgün deyil.
"Aygün Kazımovanı heç vaxt bağışlamayacam”
- Aygün xanımla bağ evi qalmaqalından sonra əlaqə saxlamısız?
- Yox! Sizin vasitənizlə bildirmək istəyirəm ki, Aygün Kazımovanı heç vaxt bağışlamayacam. Sizin bildiyiniz və bilmədiyiniz səbəblərə görə... Bu qədər. Biz ola bilər ki, səhnədə bir arada olduq. Amma söhbət ürəkdən gedir. Mən onu heç vaxt bağışlamayacam.
"Təəssüflər olsun ki, Aygün onlara böyük şərait yaratdı”
- Bütün müsahibələrinizdə "Aygünlə mənim arama nifaq salmaq istəyənlər var” demisiz. Nifaq salanların məqsədi nə idi?
- Səbəblər çoxdur. Bizim duetlərimizin uğurlarını həzm etmək istəmirdilər. Bizlə düşmənçilik edənlər indi Aygünün mənim haqqımda danışdıqlarına zövqlə baxırlar. Həzzi mən tərəfdən yox, Aygün tərəfdən yaşaya bilirlər. Təəssüflənirlər ki, Namiq ağıllı addım atır. İnanıram ki, onlar həvəslə oturub mənim cavabımı gözləyirlər. Bəzi həqiqtələrdən onların, şou-biznesin əksəriyyətinin xəbəri var.
Vaxtilə Aygündən istifadə etmək istəyənlər var idi, onların qarşısını mən alırdım. Bilmirəm, bizim aramızdakı mübahisə onlara da sərf edir. Mən Aygünlə uzaqlaşmağıma baxmayaraq iki il əvvəl bir problemi oldu. Eşidən kimi dərhal müdaxilə edirdim. Çalışırdım ki, onu xəbərdarlıq edim. Bəzi insanlar sanki intiqam alırlar. Təəssüflər olsun ki, Aygün onlara böyük şərait yaratdı.
"Mən danışsam, əsl şoklar onda olacaq”
- İddia olunur ki, siz Aygün Kazımovaya məşhur xanımla xəyanət etmisiz. Bu səbəbdən xalq artisti sizdən ayrılıb.
- Məşhur xanım? Oksana Rəsulova... Mövzu ilə bağlı çox açıqlama vermişəm. Amma insanlar başa düşmür, elə danışırlar. Xəyanət olmayıb, Oksana ilə dost olmuşuq. O Aygün xanımla məni tədbirə dəvət etmişdi. Aygünün işi oldu, mən tək qatıldım. Bəzi insanlar isə bu məsələyə don geyindirməyə başladılar. Bəzi şeylər var, onları danışmaq üçün sandığı tamamilə açmalıyam, pambıqları yerə tökməliyəm. Amma səbrimin qarşısını alıram. Mən danışsam, əsl şoklar onda olacaq. Hətta siz belə düşünəcəksiz ki, bu insan nələrə dözüb. Xəyanət məsələsinə yenə qayıdıram, Oksana ilə dost olmuşuq. Bu şayiələr bəzi adamlara sərf edib, səhvlərini öst-basdır etmək üçün istifadə edib.