Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Xocavənd rayonunun Qarakənd kəndi üzərində ermənilərin vurduğu "Mi-8” helikopterində həlak olan dövlət xadimlərinin Fəxri xiyabandakı məzarını ziyarət edib.

Eks-prezident erməni terrorunun qurbanı olan dövlət xadimlərinin məzarlarını üzərinə gül dəstələri qoyub.

Həmin dövrdə ölkə prezidenti olan A.Mütəllibov "Report"a açıqlamasında deyib ki, dövlət xadimlərinin olduğu helikopterin vurulması Azərbaycan tarixində baş verən ən böyük faciələrdən biridir: "Bu faciə xalqın yaddaşına həkk olub. Faciədən 24 il keçməsinə baxmayaraq unudulmur. Onların məzarlarına baxanda adamın ürəyi ağrıyır. Allah rəhmət eləsin. Bu cür hadisə olmamalı idi. O zaman təlatümlü dövr idi. Bu cür hadisələrə geosiyasi məsələlər kontekstində bağlamaq lazımdır. Bu hadisənin törədilməsində kimlər maraqlı idi, sifarişçi kim idi və s. məsələlər araşdırılmalıdır. Belə hesab edirəm ki, indi bunlarla bağlı tam dolğun deyilməsə də müəyyən məsələlər açıqlanacaq".
.