Avropa Şurasının baş katibi Tornbörn Yaqland Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə əlaqədar bəyanatla çıxış edib.
"Mənə bildirdilər ki, tanınmış jurnalist, Turan agentliyinin direktoru dünən vergidən yayınma ittihamı ilə saxlanılıb. Saxlanmadan öncə Turan-da axtarış aparılıb.
Agentliyin hesabları dondurulub ki, bu da kollektivi sentyabrın 1-dən işi dayandırmağa məcbur edib", - bəyanatda vurğulanır.
"Avropa Şurası saxlanılan şəxs dövlətin və ya onun vətəndaşlarının təhlükəsizliyinə qorxu yaratmadığı halda lazımsız həbslərə yol verilməməsi üçün cəzaların yumşaldılması istiqamətində Azərbaycan hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Bu təşəbbüs prezidentin qərarının tərkib hissəsidir və bu qərar Azərbaycan hakimiyyəti tərəfindən rəsmən Avropa Şurasına təqdim edilib.
Mən Azərbaycan hakimiyyətini Avropa Şurası ilə əməkdaşlıq ruhuna hörmətlə yanaşmağa və demokratik cəmiyyətlə bağlı öz öhdəliklərini tam yerinə yetirməyə çağırıram.
Mətbuat və jurnalistlər təqib və ya əsassız müdaxilə təhlükəsi olmadan öz vəzifələrini sərbəst yerinə yetirmək imkanlarına malik olmalıdır", - T.Yaqland bildirib.
Fransa Xarici İşlər Nazirliyi də Turan agentliyinin direktoru Mehman Əliyevin həbsilə bağlı bəyanat yayıb.
"Biz avqustun 24-də Bakıda Mehman Əliyevin həbs olunmasından narahatıq.
Fransa Azərbaycan hakimiyyətini öz beynəlxalq öhdəliklərinə, xüsusilə mətbuat azadlığına zəmanət və hörmətlə yanaşılması, hüquqi sistemin müstəqilliyi məsələlərində öz öhdəliklərinə hörmətlə yanaşmağa, həmçinin təqsirsizlik prezumpsiyasına əməl olunmasına çağırır", - Turan agentliyinə daxil olan bəyanatda deyilir.
