Fransanın "Total” və Almaniyanın E.on şirkətləri Transadriatik Qaz Kəməri (TAP) layihəsindən çıxmağa hazırlaşır.
Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı Bakıda işə başlayan ənənəvi beynəlxalq neft-qaz konfransının kuluarlarında jurnalistlərə ARDNŞ-in investisiya departamentinin rəhbəri Vaqif Əliyev verib.
TAP kəməri Transanadolu Qaz Kəmərinin (TANAP) davamı olaraq Azərbaycanın Xəzərdəki "Şahdəniz II” yatağından hasil olunacaq qazı Avropa bazarlarına çıxarmalıdır. "Total” TAP layihəsində 10, E.on şirkəti isə 9 faizlik paya malikdir. Layihədə BP 20 faiz, SOCAR 20 faiz, "Statoil” 20 faiz, Avropanın iri qaz operatoru olan "Fluxys” 16 faiz paya malikdir. İsveçrənin "Axpo” şirkətinin isə layihədə 5 faizlik payı var.
V.Əliyev "Total” və E.on şirkətlərinin TAP layihəsini tərk etməsi ilə bağlı təfərrüatları açıqlamayıb.
Şirkətlər isə hələlik informasiyanı şərh etmir. Cəmi bir neçə gün əvvəl "Total” şirkəti "Şahdəniz II” layihəsindəki 19 faizlik payının 10 faizini Türkiyənin TPAO şirkətinə satışını rəsmiləşdirdi. Bundan əvvəl isə "Statoil” layihədəki payının 10 faizini SOCAR-a satmışdı.
Həmçinin gözlənilir ki, yaxın vaxtlarda Norveç şirkətinin direktorlar şurası ümumiyyətlə "Şahdəniz”dəki payını, habelə "Əsrin müqaviləsi”indəki payını satmaq barədə qərar verə bilər. "Şahdəniz” konsorsiumu bu yataqdan hasil olunacaq qazın Avropaya TANAP və onun davamı olaraq TAP marşrutu ilə nəqlini seçəndən sonra "Statoil” və "Total” elan etdilər ki, təqribən 10 milyard avroya başa gəlməsi gözlənilən TANAP layihəsində yer almayacaqlar. İndi isə Fransa şirkəti və onun alman ortağı TAP-dan da imtina edirlər.
.