Avropa Parlamenti (AP) Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.
Sənəddə sabiq prezidentin səhhətinin pisləşməsindən narahatlıq ifadə olunub və Gürcüstan hakimiyyətinə Saakaşvilinin azadlığa buraxılaraq xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.
Qətnamədə Gürcüstan Prezidenti Salome Zurabişviliyə də konstitusion hüququndan istifadə edərək Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.
Qeyd olunub ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da qeyd ediblər.
Vurğulanıb ki, sabiq Prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstanın Avropa dəyərlərinə sadiqliyinin testidir. Bu gün səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib. 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.
Avropa Parlamenti Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağırıb
Avropa Parlamenti (AP) Avropa Şurasını gürcü milyarder, ölkənin sabiq Baş naziri Bidzina İvanişviliyə sanksiya tətbiq etməyə çağırıb.
“İnterpressnews” xəbər verir ki, AP-nin sabiq Prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı qəbul etdiyi qətnamədə milyarder Bidzina İvanişvili Gürcüstanda siyasi vəziyyəti pisləşdirməkdə ittiham edilib. Sənəddə qeyd olunub ki, Saakaşvilinin həbsi İvanişvilinin şəxsi vendettasının bir hissəsidir:
“Qətnamə oliqarx Bidzina İvanişvilinin “şəxsi vendettasının bir hissəsi kimi” cənab Saakaşvilinin davam edən həbsində fundamental rol oynadığını vurğulayır. Ona görə də parlament Şuraya və demokratik tərəfdaşlara “Gürcüstanda siyasi prosesin pisləşməsindəki roluna görə” cənab İvanişviliyə sanksiyalar tətbiqini nəzərdən keçirmək çağırışını bir daha vurğulayır”.
Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasına sədrlik etmiş Bidzina İvanişvili siyasətdən getdiyini açıqlayıb və hazırda ölkənin hakimiyyət orqanlarında heç bir rəsmi vəzifə daşımır.
.
