
Qarşılaşmaların yarısında meydan sahibləri, yarısında qonaqlar qalib gəlib.
İngiltərə təmsilçilərindən "Arsenal" Londonda İtaliya "Napoli"si üzərində inamlı qələbə qazanıb. Hər iki qol ilk yarıya təsadüf edib.Aaron Remzi 15-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə isə "topçular" qonaq komandanın futbolçusu Kalidu Kulibalinin topu öz qapısına göndərməsinə seviniblər.
"Çelsi"isə Çexiyada "Slaviya"nı Markos Alonsonun 86-cı dəqiqədə vurduğu qolla məğlub edib.
İspaniya təmsilçiləri "Vilyarreal" və "Valensiya" arasındakı qarşılaşmada da qonaqlar qalib gəliblər. "Valensiya" son 2 qolunu uzatma dəqiqələrində vurub. "Yarasalar" 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirməsələr də, Qonsalo Quedeş təkrar zərbə ilə hesabı açıb. 36-cı dəqiqədə meydan sahiblərindən Santi Kasorla penaltidən dəqiq yararlanıb. "Valensiya"dan 90+1-ci dəqiqədə Daniel Vass fərqlənib. 90+3-cü dəqiqədə isə Quedeş "dubl" edərək, oyunda son nöqtəni qoyub.
"Benfika" isə Portuqaliyada Almaniya" Ayntraxt"ını məğlubiyyətə uğradıb.Meydan sahiblərindən Joao Feliks, 21-ci dəqiqədə penaltidən olmaqla, 43 və 54-cü dəqiqələrdə də fərqlənərək, "het-trik" edib.20 yaşlı yarımmüdafiəçi ən gənc "het-trik" müəllifi kimi Avroliqa tarixinə düşüb.
Daha bir qolu 50-ci dəqiqədə Ruben Dias vurub. Qonaq komandadan isə Luka Yoviç 40-cı, Qonsalo Pasyensia 72-ci dəqiqədə qol vurub. "Antraxt" 20-ci dəqiqədə Evan N Dikkanın qırmızı vərəqə alması səbəbindən oyunun böyük bölümünü azlıqda keçirib.
Beləliklə, ilk görüşlərdən sonra yarımfinala vəsiqələrin taleyinə böyük ölçüdə aydınlıq gəlib. Cavab oyunları aprelin 18-də keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
