Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç "Cənub” qaz dəhlizinin Məşvərət Şurasında iştirak etmək üçün fevralın 12-də Bakıya gələcək.
Görüşdə Aİ və Azərbaycan nümayəndələrdən başqa Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iştirak edəcəklər.
"Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində "Cənub” qaz dəhlizi durur. Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu bütün ölkələrdə 30000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir. Məqsədimiz 2019/2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir”, - M. Şefçoviç Azərbaycana səfəri ərəfəsində deyib.
Bu, M.Şefçoviçin son aylar Azərbaycana ikinci səfəridir..