Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrə səyahətlərlə bağlı tətbiq etdiyi məhdudiyyətləri yumşaltmağı təklif edib.

Bu barədə Avropa Komissiyasının saytında məlumat verilib. 

Bildirilib ki, Aİ ölkələri vaksinasiya kampaniyalarında inkişafı və qlobal səviyyədə epidemioloji vəziyyəti nəzərə alaraq bu addımı ata bilərlər. 

Avropa Komissiyası sadəcə epidemioloji vəziyyəti yaxşı olan ölkələrdən gələn səyahətçilər üçün deyil, eyni zamanda, Aİ-nin istifadəsini təsdiqlədiyi peyvəndlə vaksinasiya olunmuş hər kəs üçün məcburi olmayan səyahətlərə icazə verməyi tövsiyə edib.

Qeyd olunub ki, bu peyvəndlər siyahısına daha sonra ÜST-ün də istifadəsinə icazə verdiyi peyvəndlər daxil edilə bilər. Avropa Komissiyasının tövsiyəsinə görə, Aİ-yə səyahət etmək istəyən digər ölkələrin vətəndaşları səfərdən 14 gün öncə peyvənd dozalarını almalıdırlar. Uşaqlar peyvənd olunmadığı üçün onlar vaksin vurdurmuş valideynləri ilə səyahət edərkən səfərdən 72 saat əvvəl PCR COVID-19 testi verməlidirlər və testin nəticəsi mənfi olduğu halda onlar səyahət edə bilər. Bu hallarda Aİ-yə üzv ölkələrə daxil olduqdan sonra əlavə test tələb edilə bilər.

Avropa Komissiyası həmçinin Aİ-dəki epidemioloji vəziyyətin dəyişməsinə uyğun olaraq, bütün səyahətlərə icazə verilən ölkələrin siyahısını müəyyənləşdirmək üçün istifadə olunan yeni COVID-19 yoluxmalarının sayı ilə bağlı həddi qaldırmağı təklif edir. Aİ Şurası bu siyahını genişləndirə bilər.

“Eyni zamanda, narahatlıq doğuran koronavirus ştammlarının ortaya çıxması da sayıqlığı tələb edir. Buna görə də, əks balans olaraq Komissiya Aİ səviyyəsində koordinasiya ediləcək və bu cür variantların Aİ-yə daxil olma riskini məhdudlaşdıracaq yeni bir "təcili əyləc" mexanizmi təklif edir. Bu, üzv dövlətlərin müvafiq sanitariya tədbirlərinin görülməsi üçün infeksiya geniş yayılmış ölkələrdən bütün səyahətlərin sürətlə və müvəqqəti olaraq məhdudlaşdırmasına imkan verəcək”, - deyə Avropa Komissiyasının məlumatında qeyd olunub.

Avropa Komissiyasının təklifi Aİ Şurası tərəfindən nəzərə alınmalıdır. Bu təklifin mayın 4-də Aİ Şurasının inteqrasiya olunmuş siyasi böhrana cavab iclasında (IPCR) texniki səviyyədə ilk müzakirəsinin aparılması nəzərdə tutulub. Mayın 5-də isə Aİ səfirlərinin iclasında (Coreper) müzakirələrin aparılması planlaşdırılır.   

.