
İqtisadiyyat və sənaye naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Yohannes Hanı yeni vəzifə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Ş.Mustafayev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin son 10 ildə Avropa İttifaqına 5 səfəri, həmçinin Avropa İttifaqı Şurasının nümayəndələrinin ölkəmizə səfərləri əməkdaşlığın inkişafına böyük təkan verib.
"Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza və Readmissiya haqqında sazişlər Avropa İttifaqı ilə əlaqələrin daha da genişlənməsində önəmli rol oynayır. Azərbaycan və Avropa İttifaqı arasında hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının fəaliyyəti, Tvinninq, TAİEX, Büdcəyə dəstək alətləri də ölkəmiz və Avropa İttifaqı arasında əlaqələrin inkişafında əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.
Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu diqqətə çatdıran Ş. Mustafayev ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payının 47,3%, bu ilin yanvar-fevral aylarında isə 43% təşkil etdiyini vurğulayıb. Bildirib ki, son 10 ildə Avropa İttifaqı ölkələrinin Azərbaycanda əsas kapitala yönəlmiş və qeyri-neft sektoruna qoyulmuş birbaşa investisiyalarının ümumi xarici investisiyalarda xüsusi çəkisi müvafiq olaraq 52% və 35,3% olub. Qeyd olunub ki, Avropa İttifaqının 21 üzv ölkəsi ilə Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 12 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Azərbaycan da öz növbəsində bir sıra Avropa ölkələrinə investisiya yatırıb. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2014-cü ildə Cənub Qaz Dəhlizinin, 2015-ci ildə isə TANAP-ın təməlinin qoyulması enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev ölkəmizin regionda həyata keçirilən iri infrastruktur və enerji layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib. Ş. Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, münaqişənin regionun inkişafına ciddi maneə olduğunu vurğulayıb, bu münaqişə ilə bağlı hələ də ikili standartların tətbiq olunduğunu qeyd edib. Nazir əlavə edib ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməlidir.
Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların diqqətəlayiq olduğunu vurğulayıb. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşən Y.Han Avropa İttifaqının ölkəmizlə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.
Görüşün sonunda Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Y. Hanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın son 10 ildə sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olub, avropalı qonaqlara ölkəmizin iqtisadi nailiyyətləri barədə məlumat verilib.