“Yeni Kaledoniya Fransanın xarici ərazisidir və oradakı hadisələr Fransa və Yeni Kaledoniyanın daxili işidir”.
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano Fransanın dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyada etiraz aksiyalarının təşkilatçılarından biri, Yerlərdə Fəaliyyətin Koordinasiya Qrupunun rəhbəri Kristian Teynin 6 etirazçı ilə birlikdə mühakimə olunmaq üçün Fransaya göndərilməsi barədə APA-nın sorğusuna cavabında deyib.
Peter Stano bildirib ki, Fransa demokratik ölkədir, burada bütün insanların dinc etiraz etmək hüququ var: “Əslində, dinc nümayişlər bütün demokratik ölkələrdə əsas, fundamental hüquqdur. Eyni zamanda, bu fundamental hüquqların həyata keçirilməsində zorakılığa yer yoxdur və (Aİ-yə-red.) üzv dövlətlərdə milli hakimiyyət orqanları hüquq-mühafizə məsələləri ilə bağlı səlahiyyətlidir. Kiminsə hüquqlarının pozulması və ya hörmət olunmaması ilə bağlı şikayətləri varsa, Aİ və onun üzv dövlətlərində insanların hüquqlarına hörmət edilməsi, qanun və asayişin qorunması üçün hesabatlılığı və lazımi prosesi təmin edən müstəqil məhkəmə sistemi mövcuddur”.
Aİ sözçüsünün dediklərindən aydın olur ki, Yeni Kaledoniyada baş verənlər, müstəmləkə buxovundan azad olmaq istəyən yerli Kanak xalqının mübarizəsini boğmaq üçün Fransanın əl atdığı repressiyalar, təqiblər bu ölkənin daxili işidir.
Məsələ ondadır, bunları Fransanın daxili işi hesab edən Aİ digər ölkələrə münasibətdə fərqli mövqe nümayiş etdirir. Bunun ən bariz nümunəsi son vaxtlar Gürcüstan ətrafında baş verənlərdir.
“Xarici agentlər haqqında” qanuna görə, Gürcüstan hakimiyyəti həm Aİ-nin, həm ABŞ-nin, həm də digər Qərb dövlətləri və təsisatlarının kəskin reaksiyasına məruz qalıb. Halbuki belə bir qanunun qəbul edilməsi də Gürcüstanın daxili işi sayılmalıdır. Əvəzində, Aİ və digərləri Gürcüstanla hədə və ultimatum dilində danışmağa başlayıblar. Sonuncu dəfə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bir gün əvvəl bildirib ki, belə davam edərsə, Gürcüstan üçün Aİ-nin qapısı bağlana bilər.
“Bir məsələ aydındır ki, Gürcüstanın üzvlüyü üçün Aİ-nin qapısı açıqdır, ancaq Gürcüstan hökuməti eyni yolla getməyə davam edir, addımlarını davam etdirir. Belə halda qapı bağlanacaq. Bunun bədəlini Gürcüstan xalqı ödəyəcək. Hətta Avropa perspektivi ləğv oluna bilər. Biz burada ciddi məsələlərdən danışırıq. Əgər bu belə davam edərsə, Aİ-nin qapısı Gürcüstan üçün açıq olmayacaq”, - deyə Aİ-nin baş diplomatı vurğulayıb.
Cozep Borrell əlavə edib ki, Gürcüstana Avropa Sülh Mexanizmi vasitəsilə verilən dəstəyin dayandırılması da mümkündür: “Biz yüksək səviyyəli siyasi təmasları dayandıra, yaxud birbaşa hökumətə gedən maliyyə dəstəyinin bir qismini kəsə bilərik”.
Göründüyü kimi, Borrell bəyanatında Gürcüstanda baş verənləri bu ölkənin daxili işi hesab etmir, atılacaq məhdudlaşdırıcı addımlardan, tətbiq oluna biləcək sanksiyalardan danışır, onların istəklərini yerinə yetirmədiyinə görə bir növ Gürcüstanı cəzalandıracaqları ilə hədələyir.
Onu da qeyd etmək yerinə düşər ki, Aİ təkcə Gürcüstana münasibətdə belə addımlar atmır. Ayrı-ayrı ölkələrlə bağlı da hədə və ultimatum ritorika müşahidə etmək mümkündür.
Yeni Kaledoniya məsələsində isə Brüssel bunu Fransanın daxili işi hesab edir. Bu da onu söyləməyə əsas verir ki, Aİ-nin müxtəlif məsələlərə və hadisələrə öz yanaşması var.
.