Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB/EBRD) Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar əldə etdiyini bəyan edib.
Virtualaz.org saytı xəbər verir ki, bankın Azərbaycandakı rəsmi rezidenti Neyl Makkeyn "Röyter” agentliyinə müsahibəsində Azərbaycanın iqtisadi artım mənbələrinin diversifikasiyasında uğurlar əldə etdiyini deyib.
N.Makkeyn bildirib ki, bankın proqnozuna görə, bu il Azərbaycanda qeyri-neft sektorunda 9-10 faiz artım olacaq. Ümumi iqtisadi artım isə neft hasilatının azalması ilə bağlı proqnozlaşdırıldığı kimi, 5,8 faiz deyil, 3,75 faiz təşkil edəcək.
"Mən hesab edirəm ki, hökumət düzgün siyasət aparmaq yolundadır. Lakin biz korrupsiya ilə mübarizədə hələ görmək istədiyimiz səviyyədə irəliləyiş müşahidə etmirik” - deyə Neyl Makkeyn bildirib. "Ölkədə mövcud olan korrupsiyanın yaratdığı çoxlu fəsadlar var. Bu məsələ yuxarıdan həll edilməlidir” - deyə Avropa Yenidənqurma və İnkişaf Bankının rezidenti əlavə edib.
"Röyter” korrupsiyanın Azərbaycanda insanların məyusluğuna və narazılığına səbəb olan ən ciddi problem olduğunu qeyd edir.
Agentlik xatırladır ki, 2013-cü ildə "Transparency İnternational” Azərbaycanın korrupsiyaya görə dünyanın 177 ölkəsi arasında 128-ci yerdə göstərib. Bu, küçə etirazlarının hakimiyyətlərin devrilməsi ilə nəticələndiyi Tunis və Misir kimi ölkələrdən daha aşağıdır: "Lakin opponentləri tərəfindən müxalf düşüncəni boğmaqda ittiham olunan hökumət Rusiya ilə İran arasında yerləşən müsəlman ölkəsində siyasi stabilliyin saxlanılmasına böyük diqqət ayırır”.
N.Makkeyn bildirib: "Mən hesab edirəm ki, Azərbaycan rəhbərliyinin əsas diqqəti sabitlikdir. Və əgər ölkədə sabitlyin başının üstünü alan çağırış olan korrupsiyaya qarşı mübarizə aparılsa, o zaman sabitlik qalib gələcək”.
Agentlik xatırladır ki, Azərbaycan son illər dünyada ən sürətlə inkişaf edən ölkələrdəndir. Ölkədə 10 il əvvəl 50 faizdən yuxarı olan kasıblıq indi təkrəqəmli həddə enib, Bakı dəbdəbəli mağazalar və avtomobillər şəhərinə çevrilib.
Bununla belə son illər iqtgisadi artım neft hasilatının azalması ilə bağlı aşağı düşüb. Hasilat ötən il sabitləşsə, də bu il daha 2,4 faiz azalması gözlənilir.
N.Makkeyn bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan hökumətini dövlət büdcəsinin gəlirlərinin 70 faizini verən neft-qaz sektorundan asılılığı azaltmağa çağırıb.
"Fikrimcə, hökumət diversifikasiya məsələsinə böyük diqqət yetirir. Bu, daimi islahatlar prosesi tələb edən işdir. Əgər hökumət qeyri-neft sektorunda illik 10 faizlik artımı saxlamaq istəyirsə, bu islahatları davam etdirməlidir” - deyə bank rezidenti bildirib.
N.Makkeyn deyib ki, Azərbaycanda fiksal möhkəmlik və regional iqtisadiyyata aşağı inteqrasiya səviyyəsi digər keçmiş sovet respublikalarındakı və Türkiyədəki valyuta böhranlarından sığortalanmağa imkan verir. Ölkənin makroiqtisadi göstəriciləri sabitdir və valyuta ehtiyatları 50 milyard dolları keçib. Avropa Yenidənqurma və İnkişaf Bankı bu il Azərbaycana kreditlər şəklində daha 300 milyon dollar ayırmağı planlaşdırır.
.