Bu gün start götürəcək Avropa çempionatının açılış matçında üz-üzə gələcək Almaniya və Şotlandiya komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) iki dəfə qarşılaşıblar.

1986-cı ildə baş tutan mundialın (2:1) və AVRO-1992-nin qrup mərhələlərində (2:0) Bundestim qələbə sevinci yaşayıb.

Britaniyalılar bu rəqibi ilə ümumilikdə oynadığı son 13 matçın (4 heç-heçə, 8 məğlubiyyət), sadəcə, birində qalib gəlib. Bu, 1999-cu ildə Bremendə gerçəkləşən yoldaşlıq görüşünə təsadüf edib - 1:0.

Almaniya yığması tarixində 14-cü dəfə Avropa çempionatlarında iştirak edəcək. Bu göstəricidə rekorda sahib olan komanda 3 dəfə çempion olub. Milli bu baxımdan İspaniya ilə birlikdə rekorda şərikdir.

Bundestim dördüncü dəfə böyük turnirə ev sahibliyi edir. 1974-cü ildəki mundialda qızıl medallara sahib çıxan komanda 1988-ci ildəki Avropa çempionatında yarımfinalçı olub, 2006-cı ildəki dünya çempionatında isə bürünc əldə edib. Böyük turnirlərdə (Avropa və dünya çempionatı) meydana çıxdığı son 12 qarşılaşmada qol buraxan Almaniya millisi axırıncı dəfə AVRO-2016-da, Slovakiya ilə oyunda qapısını toxunulmaz saxlaya bilib.

Şotlandiya millisi dördüncü dəfə (1992, 1996 və 2021) "köhnə qitə"nin nüfuzlu yarışında iştirak edəcək.

Komanda indiyədək qrup mərhələlərini adlaya bilməyib. Avropa çempionatlarındakı son 9 matçın, sadəcə, ikisində qalib gələn şotlandlar bu görüşlərin 6-da qol vura bilməyiblər.

Qeyd edək ki, Almaniya və Şotlandiya yığmaları arasında keçiriləcək XVII Avropa çempionatının açılış oyunu bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024 iyulun 14-də başa çatacaq.

.