Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub.
III turun hər iki oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayıb.
Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Oyuna yaxşı başlayan türklər 4-cü dəqiqədə qola yaxın olublar. Lakin Kaan Ayhanın qüvvətli zərbəsini isveçrəli qapıçı Yan Zommer çətinliklə də olsa, dəf edə bilib. 2 dəqiqə sonra isə isveçrəlilər hesabı açıblar. Haris Seferoviç dəqiq zərbə ilə komandasını önə çıxarıb. 15-ci dəqiqədə Ozan Tufan uzaq məsafədən qapını nişan alsa da, Zommer bu dəfə də inamlı oynayıb. 26-cı dəqiqədə Türkiyə millisi 2-ci topu buraxıb. Bu dəfə Cerdan Şakiri uzaq məsafədən baxımlı qola imza atıb. Az sonra Şakiri türkiyəli qapıçı Uğurcan Çakırla üzbəüz qalsa da, bu dəfə qolkiper onun dubl etməsinə mane olub. İlk hissənin sonlarına doğru “ay-ulduzlular”ın heyətində sol cinah müdafiəçisi Mert Müldür 2 dəfə diqqət mərkəzinə düşüb. İtaliyanın “Sassuolo” klubunda oynayan futbolçu əvvəlcə cərimə meydançasının kənarından qüvvətli zərbə ilə bəxtini sınayıb. Lakin qolkiper yenə qapısını toxunulmaz saxlayıb. Müldür 43-cü dəqiqədə daha əlverişli vəziyyət yaxalasa da, yenə Zommer səddinə “ilişib”. Beləliklə, “ay-ulduzlular” fasiləyə 2 top fərqi ilə geridə yollanıblar.
İkinci hissəyə daha fəal başlayan tərəf isə İsveçrə yığması olub. Vladimir Petkoviçin başçılıq etdiyi komanda əvvəlcə Bril Embolo, ardınca isə Şakirinin ifasında rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin hər iki epizodda top qapının üstündən keçib. 60-cı dəqiqədə Seferoviç bir neçə müdafiəçini geridə qoyub zərbə endirsə də, Çakır son anda topun qapıya getməsinə imkan verməyib. 62-ci dəqiqədə Türkiyə yığması fərqi minimuma endirib. İrfan Can Kahveci uzaq məsafədən qüvvətli zərbə ilə komandasının həm bu oyundakı, həm də turnirdəki yeganə qolunun müəllifi olub. Lakin türklərin sevinci cəmi 6 dəqiqə çəkib. Sürətli əks-hücuma çıxan İsveçrə yığması Şakirinin qolu ilə fərqi yenidən 2 topa çatdırıb. 77-ci dəqiqədə Qranit Cakanın cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri dönüb. Az sonra Cengiz Ünderin zərbəsində azacıq dəqiqlik çatmayıb. Qarşılaşmada başqa qol olmayıb və Türkiyə millisi Avropa çempionatı ilə xalsız vidalaşıb.
Bu qrupun digər oyununda isə 1/8 finala vəsiqəni ötən tur təmin etmiş İtaliya millisi Uels yığmasını sınağa çəkib. Romadakı “Olimpiko“ stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub. İsveçrə ilə xallar bərabər olsa da, daha az qol buraxan britaniyalılar pley-offa adlayıblar. İsveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ bilərlər.
.