Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 8-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası - küçə ticarəti, avaralıq və dilənçilik, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.
Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 3 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, narkotiklə əlaqəli cinayətlərə görə 6 nəfər, odlu silahın aşkarlanması 1, küçə ticarəti ilə məşğul olduqlarına görə 44, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 17, xırda xuliqanlığa görə 9, xırda talamaya görə 14, digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 14 fakt aşkarlanıb, mülki axtarışa görə 39 şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 114 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran eləcə də konstruksiyasında dəyişiklik edən 15 sürücü, 2 sərxoş sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 176 fakt müəyyən edilib.
Abşeron rayonunda xidmətin nümunəvi təşkili və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılır.
.