“İsveç ATƏT-in sədri kimi böhranların və münaqişələrin dayanıqlı siyasi nizamlanmasına yardım etməyə çalışacaq”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Rusiya XİN başçısı Sergey Lavrovla görüşündə deyib.

O, ölkəsinin təşkilata sədrliyi dövründə ATƏT regionundakı böhranlar və münaqişələrin dayanıqlı siyasi nizamlanmasına yardım etməyə çalışacağını bildirib: “O ki, qaldı Ukraynaya, buradakı nizamlanma beynəlxalq hüquq çərçivəsində olduğu kimi, həm də ATƏT-in prinsipləri və öhdəlikləri çərçivəsində həyata keçirilməlidir. Bir müddət bundan öncə mən ATƏT-in fəaliyyətdə olan sədri kimi Kiyevdən ilk səfərimdən qayıtmışam. Kiyevdə mən Minsk razılaşmalarına və 2019-cu ilin dekabrında keçirilən “Normand formatı” sammitinin ümumi yekunlarının tamamilə icra olunmasına çağırış etdim. Bu gün Moskvada da həmin çağırışı edirəm”.

Qeyd edək ki, Moskvada S. Lavrovla A. Linde arasında görüş keçirilir. Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilən görüşdə S. Lavrov isveçli həmkarı ilə görüşdə ATƏT daxili məsələləri, Dağlıq Qarabağ, Ukrayna, Dnestryanı daxil olmaqla təşkilatın cavabdeh olduğu regiondakı münaqişə və böhranları, eyni zamanda, Rusiya-İsveç münasibətlərini müzakirə edəcək.
 

.