"Qarabağda dayanıqlı sülhün yaradılması üçün beynəlxalq ictimaiyyətin xüsusi diqqəti zəruridir"
Bunu ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana ikigünlük səfərinə yekun vurarkən deyib.
"Bu faciəli reallığı burada, regionda və beynəlxalq səviyyədə siyasi liderlərin gündəmində saxlamaq üçün işləri davam etdirməyi planlaşdırıram", - K.Vigenin bildirib.
O, münaqişənin hərbi yolla həllinin olmadığını təsdiqləyərək ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini dəstəklədiyini vurğulayıb: "Belə tendensiya formalaşıb ki, hər dəfə böyük hərbi gərginlik olduqdan sonra sülh haqqında danışırlar. Amma sülh təsadüfi şərtlərdə əldə oluna bilməz. Dayanıqlı sülhün yaradılması üçün beynəlxalq ictimaiyyətin ən yüksək səviyyədə xüsusi diqqəti zəruridir".
