ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.

Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Azərbaycanın Avstriya, Slovakiya və Sloveniya üzrə səfiri Rövşən Sadıqbəyli bildirib.

O deyib ki, ATƏT-in 52 nümayəndəsinin iştirak etdiyi iclasda hücumla bağlı sürətli araşdırma aparılmasına çağırış edilib.

“ATƏT Daimi Şurasının bugünkü iclasında bizim İrandakı səfirliyimizə hücum məsələsi qaldırılıb. Azərbaycana qoşularaq bu hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran 52 ATƏT nümayəndəsinə təşəkkürlər”, - deyə qeyd olunub.

Qeyd edək ki, yanvarın 27-i, saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaşı isə yaralanıb.

.