"Akif Kərimoviç gəlib çıxmasa, bu müəssisə düzələn deyil. 700-dən işçimiz vardı, indi 30-35 nəfər qalıb. Dağılıb gedir hər yer, borc içində də batırıq”.
Bunu Rusiyada, daha dəqiq desək, Komidə yerləşən "Uxtanefteqazgeologiya” ASC-nin baş direktoru deyir. Hə, məhz baş direktoru. Əvvəlki baş direktor haqda. Həmyerlimiz Akif Sayadov haqda . O Sayadov ki iki ildir həbsdədir. Ağır xərçəng xəstəsidir. Cəzaçəkmə müəssisəsindən birbaşa xstəxanaya gətirilir, kimya terapiyasına. O Sayadov ki iki ildir istintaq onun günahını sübuta yetirə bilmir. Amma həbsdən də azad etmirlər. Ayın 12-də işə Komi Respublikasının Ali Məhkəməsi baxmalıdır.
Kimdir bu Akif Sayadov və kimlərin qəzəbinə gəlib?
65 yaşlı A.Sayadov Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə "Uxtaneftqazgeologiya”ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında "İntaneft” QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında "Geotex Menecment” holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən "Uxtaneftqazgeologiya” ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim "Vahid Rusiya” partiyasının üzvüdür.
2014-cü ilin oktyabrında mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilmib. Bu hələ harasıdır? Ona qarşı "terrorçuluq” maddəsi ilə də ittiham irəli sürmək istəyiblər. Amma sonradan bunu sübuta yetirə bilməyiblər.
Sayadov heç bir ittiahamla razılaşmır. Bildirir ki, əslində şirkətin işinə görə dəfələrlə Moskvaya uçmalı olub, oradan isə tez-tez xəstələnən nəvəsinə baş çəkmək üçün Azərbaycana gedib. Sayadovun bildirdiyinə görə, həmin səfərlər üçün biletləri şirkətin mühasibatlığına təqdim etməyib. Amma il yarım əvvəl Azərbaycana səfərlərə görə xərclədiyi pulların hamısını şirkətə qaytarıb.
Sayadovun qızı Nigar xanımın dediklərindən: "Atama qarşı əvvəlcə beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürdülər. Sonra bu ittihamın inandırıcı olmadığını görüb, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını ortaya atdılar. Kominin baş prokuroru Sergey Bajutovun saxta ittihamları ilə atam həbs edilib. Atamın vəziyyəti hazırda çox ağırdır. O, onkoloji xəstəlikdən əziyyət çəkir. Hazırda onun həyatı təhlükə altındadır. Atam hər həftə kimyaterapiya olunmalıdır. Amma yanına vəkilləri də daxil olmaqla heç heç kimi buraxmırlar. Atamı fiziki cəhətdən məhv etmək istəyirlər. Tələb edirik ki, onun işini yerli istintaq orqanları yox, Moskva araşdırsın. Bizim ailənin artıq Komi vilayətinin hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə inamı qalmayıb".
Saydovların müraciət etmədikləri insnatnsiya qalmayıb.
N. Sayadova Komi hüquq-mühafizə oqranları və məhkəmə sistemi tərəfindən atasına qarşı yönələn fəaliyyətlə bağlı Rusiyanın baş prokuroru Yuri Çaykaya və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova müraciət ünvanladıqlarını deyir.
A. Sayadovun oğlu Fuad Sayadov isə çoxsaylı müraciətlərinə baxmayaraq atasından əl çəkmədilərini söyləyir: "Atam ölüm ayağındadır. Ağır xərçəng xəstəsidir.Onun ağır xəstə olması barədə həkim rəyləri mövcuddur. Lakin nə məhkəmə, nə də hüquq-mühafizə orqanları bu rəyə fikir vermirlər. Hüquq-mühafizə orqanlarının təzyiqi ilə həkimlərin atamın ağır xərçəng xəstəsi olması barədə rəyi dəyişdirilib. Biz atamın müalicəsini təşkil etmək istəyirik. Lakin buna imkan vermirlər. Onu Sıktıkvar şəhər xəstəxanasının məhkumlar üçün olan bölümündə saxlayırlar, yanına da heç kimi buraxmırlar. Atama müalicə lazımdı. Onu həbsdə göz görə-gərə öldürürlər”.
Akif Sayadovun vəkilləri İqor Kopyonkin və Aleksey Knyazev də onun hüquqlarının kobud sürətdə pozulduğunu deyirlər: "Akif Sayadovun hüquqları kobud sürətdə pozulub. Bununla əlaqədar olaraq onun həyatına böyük təhlükə yaranıb. Həbs ediləndən sonra Akif Sayadov Kominin paytaxtı Sıxtıvkardakı təcridxanada saxlanılıb. Biz onun səhhətinin ağır olduğunu əsas gətirərək ev dustaqlığına buraxılmasına çalışdıq və buna nail olduq. Lakin ittiham tərəfi həmin məhkəmə hökmündən apelyasi şikayəti verdi və ev dustaqlığl barədə məhkəmə qərarı əsassız olaraq ləğv etdirdi. Sayadovun ağır xəstə olması ilə bağlı Moskvada yerləşən Bloxin adına Onkologiya İnstitutu da onun ev şəraitində və həkim nəzarətində müalicə alması haqda rəy verib. Lakin məhkəmə qorxduğundan bu rəyə fikir vermir. Biz, A. Sayadovun tam bəraətini tələb edirik. Onun ittihamlarla heç bir əlaqəsi yoxdur. Bütün bunlar sifarişdir”.
Vəkil İ. Kopyonkin onu da bildirib ki, A. Sayadovun başına bu hadisələrin gəlmə səbəbi onun rəhbərlik etdiyi "Uxtaneftqazgeologiya”nın Komidə yeni qaz yatağı kəşf etməsi olub: "Bundan sonra kimlərinsə sifarişi ilə prokurorluq tərəfindən "Uxtaneftqazgeologiya" ASC-də əsassız yoxlamalara başlanıldı. Lakin A. Sayadovun fəaliyyətində heç bir qanun pozuntusu tapa bilmədilər”.
Maraqlıdır ki, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki nümayəndəsi Georgi Matyuşkin də Sayadovla bağlı işdə insan hüquqları konvensiyasının bir neçə müddəasının pozulduğunu təsdiq edib. Hətta Rusiya hökuməti tərəfindən ona kompensasiya belə ödənilib.
Saydovun vəziyytəi isə doğrudan da ağırdır. Hazırda Sıktıvkar şəhər Onkoloji Mərkəzində kimya terapiyası alır. Hətta bunu belə ona çox görmək istəiyblər. Xəstəxanının şöbə müdiri Andrey Viktoroviç Proydakov pasiyentinin vəziyyətinin ağır olduğunu etiraf edir. O, Lent.az-ın müxbiriylə söhbətində bildirdi ki, Sayadovun qapalı şəkildə qalması onun səhhəti üçün təhlükəllidir. "Həbsxanada kimya terepiyası etmək mümkün deyil. Mən dəfələrlə bu barədə onlara demişəm. Bir azdan onu kimyaterapiyaya gətirəcəklər. Adam güclə yeriyir”.
Həkim deyən vaxtdan 20 dəqiqə sonra həbsxana əməkdaşları Sayadovun saxlanılacağı palataya gəldilər. Ətrafa kameralar quraşdırdılar. Bundan sonra isə Sayadovu düşürüb palataya gətirdilər və özü də əli qandallı. Bu mənzərəni görmək sadəcə dəhşət doğrur. Ağır xərçəng xəstəsi olan 65 yaşlı qocanı iki addımlığında olan əzizləri ilə salamlaşmağa belə imkan vermədilər. Qızı Nigar ürək-dirək verdi atasına: "Ata, möhkəm ol. Sən günahsızsan”. Ata isə gülümsəyərək qızına toxtaqlıq verə bildi.
- Bizi içəri buraxmırlar. Nə bizi, nə də vəkillərini. Təsəvvür edin, adam bütün günü sistem altında olur. Adi televizoru belə içəri qoymurdular. Sanki təhlükəli bir cinayətkarı saxlayıblar. Vəkilləri dəfələrlə cəhd ediblər, amma imkan verməyiblər. Bir dəfə hətta siqaretini də əlindən alıblar. Akif xahiş edib ki, siqaretsiz dura bilmir, heç olmasa arada siqaret çəksin, sanki işgəncə verirlərmiş kimi gözünün qabağında alıb cırıblar. Adi qəzet nədi, onu da vermirlər ki, başı qarışsın”.
Bunu bizə Sayadovun yaxın qohumu Bayram dayı deyir.
Aikf Sayadov hazırda 3-cü kimya terapiyasını keçir. Terapiya başa çatandan sonra yenidən cəzaçəkmə müəssisəsinə aparıla bilər. Oktyabrın 12-i sə respublikanını Ali məhkəməsidir. Həm vəkilləri, həm də ailəsi əmindirlər ki, bu instansiya nəhəyət ki, ədalətli qərar çıxracaq, o, həbsdən azad ediləcək.
***
"Gəlsin, bura rəhbərlik etsin, işçiləri onu tələb edir. Mən burada müvəqqətiyəm, insanlara əməkhaqqı vermək belə gücündə deyiləm. O, buranı yenidən ayağa qaldıracaq”. Hazırkı baş direktor deyir bunu...
.