Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olub və maraqlı açıqlamalar verib.
Yenizaman.az bu müsahibəyə istinadən xəbər verir ki, müğənni bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb: "Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. Atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idi, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, icazə verməzdi ki, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdı. Sadəcə olaraq narazılıq var idi. Mənim böyük qardaşım əsəbiləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bu həm də çıxış yolu idi".
Tanınmış ifaçı 15 yaşında evlənməsi haqda isə bunları söyləyib: "Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi. Təsəvvür edin ki, vağzalı çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir dua versin. Mən dedim ki, ata, mən hara gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala, qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür uşağam, heç nə başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcədə saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın hara getdiyi belə ona hələ çatmır".
Sənətçi, müğənnilik etmək istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib: "Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdır. Nə isə. Mən heç vaxt dünyasını dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi. Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gəzlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o, məni başa düşərdi. O da istəmədi. O da istəməyəndə mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım. Mən 8 il o həyatı yaşadım. Hətta, 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu".
Məşhur müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib: "Onun bircə səhvinin ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi, amma mən bağışlamadım. Bilirsənmi necə, demişdim ki, hər şey sübut olunduğu gün mən onu bağışlamayacam,onun ağlına belə gələməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm. Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamıram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik”.
Xalq artisti, həyat yoldaşı ilə yaşadığı son günün detallarını açıqlayıb: "Biz 2 dost kimi əyləşdik. Mən hətta, gözəl bir süfrə də açdım, gözəl bir sarı qızılgül qoydum masaya. O, başa düşmədi ki, nə var, nə yox. O sadəcə olaraq öz peşmançılığını bildirdi, üzr istədi . Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu, bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq".
.