Son zamanlar yağıntıların çox olması Astaranın bəzi kəndlərində aşınma prosesini sürətləndirib. APA-nın cənub bürosunun verdiyi xəbərə görə, gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində Siyəkü kənd sakini Gülxarə Babayevaya məxsus yaşayış evi təhlükə ilə üz-üzə qalıb.  Torpaq qatı evin divarlarına kimi yaxınlaşıb.

Torpaq sürüşməsinin yaratdığı digər problem isə qrunt sularının evə dolmasıdır. G. Babayevanın fərdi təsərrüfatında olan sitrus bağına da ziyan dəyib, 20-yə yaxın ağac torpaq altında qalıb, bəziləri isə qırılaraq aşıb.

 Siyəkü kəndinin bələdiyyə sədri Ramin Dədəyev APA-ya bildirib ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib və tez bir zamanda problemin aradan qalxması üçün köməklik göstəriləcək.

 Qeyd edək ki, sürüşmənin təhlükəli vəziyyətə saldığı ev şəhid ailəsinə məxsusdur. Gülxarə Babayeva şəhid Məhəmməd Babazadənin anasıdır. Kiçik çavuş Məhəmməd Babazadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

.