Astarada ötən il taxıl əkini keçirən fermerlər qənaətbəxş səviyyədə məhsul əldə edə bildilər. Ötən il olduğu kimi, bu il də sahələrdə vəziyyətin yaxşı olduğunu bildirirlər. Hava şəraiti onların ürəyincədir. Lakin narazı qaldıqları onlara ayrılan subsidiyaları ala bilməmələridir.

ARB Cənub-un verdiyi xəbərə görə, ötən il Astarada buğda əkilən 151 hektar sahədən 381 ton məhsul əldə olundu. Bu il üçün də həvəslə əkin keçirən fermerlər hava şəraitinin taxıl üçün əlverişli olduğunu bildirirlər. Əsasən əzəmətli sortuna üstünlük verən təsərrüfat sahibləri bu il yaxşı məhsulun olacağına ümidlidirlər. 

Fermer Rafiq Əsədullayev: "Qar olsa lap yaxşı, amma belə də olsa yaxşıdır hava. Birazdan torpaq oyanacaq, fevraldan sonra biz buna həşəratlara qarşı dərman səpəcəyik. Sonra da gözləyəcəyik məhsul yığımın.”

Lakin bununla belə bəzi fermerlər ayrılan subsidiyanı ala bilmədiklərini deyirlər. Artıq bu il üçün əkin keçirdikləri halda heç ötən ilə aid subsidiyanı belə ala bilməyiblər.

Fermer Rəşad Mədətov: "Təxminən 7 hektar 99 illiyə icarəyə götürdüyüm torpaqlardı, kənd sakinlərinin razılıq əsasında əkdiyim əraziləridi və öz torpağım. Ümumilikdə 43 hektara yaxın ərazidi. Bu da 4 min 300 manat eliyir. Amma dəfələrlə etdiyim müraciətə baxmayaraq ala bilmirəm.”

Fermerlər bildirir ki, əsas çətinlik icarəyə götürdükləri paybəlli torpaqlara aid sənədlərlə bağlı olsa da, bəzən heç özlərinə məxsus olan sahələrə görə də subsidiyalar ala bilmirlər. Bu isə onlara sahələrini genişləndirmək və əlavə əkin sahələri yaratmaqda çətinlik törədir. Bu il Astara rayonunda ümumilikdə 156 hektar sahədə taxıl əkini aparılıb.

Yenizaman.az


.