Astarada heyvanlar arasında mənşəyi məlum olmayan xəstəliyin yayılması barədə məlumat vermişdik. Xəstəliyin qarşısını almaq məqsədilə baytarlar tərəfindən profilaktik tədbirlər aparılsa da hələ ki, xəstəliyin qarşısını almaq mümkün olmayıb. Artıq bir aydan artıqdır, Astara rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik tüğyan edir. Xəstəlik əsasən rayonun Şiyəkəran, Şahağacı, Balaca Şahağacı və Pensər kəndlərində yayılıb. Xəstəliyin sürətlə yayılmasını nəzərə alan rəsmi qurumlar profilaktik tədbirlərin aparılması üçün sözü gedən kəndlərə baytar qrupu ezam edib. Aparılan tədbirlərə baxmayaraq xəstəliyin qarşısını almaq mümkün olmayıb. Hazırda rayon ərazisində yüzlərlə xəstə heyvan var. Bu günə kimi, 20-dən artıq heyvan tələf olub, onlarla heyvan isə ölüm ayağındadı. Kənd sakinləri deyir ki, xəstəliyin qarşısı qısa zamanda alınmasa tələf olan heyvanların sayı 1000-dən çox olar. Bundan başqa sakinlər xəstəliyin onlara keçə biləcəyindən ehtiyat edir. Xəstəliyin hansı səbəbdən yarandığı tam məlum olmasa da, İrandan milçəklər vasitəsilə yayıldığı ehtimal edilir. Bu barədə, eləcə də heyvanlar arasında aparılan müalicə və müayinələrlə bağlı baytar həkimlərdən məlumat almaq istəsək də, onlar bundan imtina etdi.

.