Polşa sərhədçiləri qeyri-leqal mühacirətin qeyri-adi üsulu ilə üzləşiblər. Fransa vətəndaşı rus arvadını Avropa İttifaqı ərazisinə çamadanda keçirməyə cəhd edib. Belə ki, qadının sənədlərində problemlər olduğundan o, sərhədi qanuni yolla keçə bilmirmiş.
Qeyri-adi baqaj Terespol şəhərində qanun keşikçilərinin diqqətini cəlb edib. Yerli KİV-lərin məlumatına görə, Moskva – Nitsa marşrutu ilə hərəkət edən beynəlxalq qatarın sərhəd nəzarəti zamanı polis əməkdaşları Fransa vətəndaşının baqajında gizlədilmiş qadın aşkarlayıblar. Axtarış zamanı qadında Rusiya pasportu tapılıb.
Sərhədçilər sərhədi qeyri-qanuni keçməyin müxtəlif üsullarını gördüklərini, lakin çamadan vasitəsi ilə insan daşınmasına ilk dəfə rast gəldiklərini deyirlər.
Qadın və onun həyat yoldaşı cinayət məsuliyyətinə cəlb olunacaqlar. Polşa qanunlarına görə, sərhədi qeyri-leqal keçməyə cəhd edənləri 3 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (xezerxeber)
.