Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində A.Alışanovun sürücüsü Hacı Babayev təqsirləndirilən şəxsin vəkilinin ona verilən suallarını cavablandırıb.

Bildirib ki, torpaqların alqı-satqı işini təqsirləndirilən Ş.Əkbərov həyata keçirib: "Mən yalnız sənədlərə qol çəkmişəm. Torpaqların alınması üçün Arif Alışanov mənim adıma etibarnamə verməyib. Şücayət torpaqları Arif müəllimin pulu ilə alırdı. Torpaqların alınması məsələsini də Şücayətdən Arif Alışanovun özü xahiş edirdi".

O söyləyib ki, təqsirləndirilən şəxslər tərəfindən sui-qəsd olunan zaman ona heç bir zərər dəyməyib.

Təqsirləndirilən Ş.Əkbərov zərərçəkmişə etiraz edib. O qeyd edib ki, A.Alışanov H.Babayevin adına 340 hektar torpaq alıb: "Həmin torpaqlara 7 milyon manat pul verib, 98 alqı-satqı olub".

Daha sonra şahidlər dindirilib. Şahid qismində ifadə verən Vidadi Cəfərov bildirib ki, A.Alışanov onun qayınıdır: "Kənd təsərüfatı qurmaq üçün 200 min manat pul vermişəm. 2017-ci ildə Arif Alışanovun aldadıldığını eşitdim".

Bu zaman şahid V.Cəfərov təqsirləndirilən şəxslərə "şərəfsiz" deyib. Bundan sonra təqsirləndirilən Ş.Əkbərovla şahidin arasında mübahisə yaranıb.

Hakim şahidi zaldan çıxarıb.

Digər şahid Etibar Bağırov dindirilən zaman A.Alışanova 1 milyon 800 min manat pul verdiyini vurğulayıb: "Arif müəllim də pulu Şucayətə verib. Belarusda biznesim var, özüm də idman müəllimiyəm".

Şahid Kamal Nəbiyev AZTV-də çalışdığını, A.Alışanovun müəyyən işlərini gördüyünü bildirib. O, bir neçə torpaq alqı-satqısında iştirak etdiyini ifadə edib: "Arif müəllim pulu Şücayətə verirdi, o da sayıb götürürdü".

Şahidin dindirilən zaman Ş.Əkbərovla onun arasında mübahisə düşüb. Ş.Əkbərov onu təhqir edib.

Məhkəmə təqsirləndirilən şəxslərin zaldan çıxarılması barədə qərar verib. Yalnız A.Hüseynov məhkəmə zalında saxlanılıb.

Proses onların iştirakı olnadan davam etdirilib.

Şahid qismində A.Alışanovun qardaşı Habil Alışanov da ifadə verib. O bildirib ki, 2012-ci ildən torpaq alınması ilə bağlı qardaşı A.Alışanovla məsləhətləşib: "200 min manat pul verdim. Özüm Şamaxıya getməmişəm".

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşı Rövşən Camalov Arif Alışanovun öldürülməsinə cəhd epizodu üzrə ifadə verib.

O bildirib ki, A.Alışanova qarşı sui-qəsdlə bağlı idarəyə məlumat daxil olub: "Rəhbərlik dərhal həmin şəxsin müraciəti əsasında araşdırma əmri verdi. Həmin şəxs bildirdi ki, 600 min manat müqabilində Arif Alışanovu öldürmək istəyiblər. Bu isə bizə əvvəlcə inandırıcı gəlmədi. Bunun üçün müraciət edən şəxsə sui-qəsdin təşkil olunacağı yeri əvvəlcədən bizə deməsini tələb etdik. Bir müddət keçdikdən sonra o, bizə Şamaxıda Arif Alışanovun hovuz kənarında təqsirləndirilən şəxslər tərəfindən güllələnəcəyi barədə məlumat verdi. Dərhal hadisə yerinə post-patrul əməkdaşları göndərildi və sözügedən cinayət faktı baş tutmadı. Ondan sonra Şamaxıda Arif Alışanova sui-qəsd olunacağı haqqında məlumat aldıq, lakin bu da təsdiqini tapmadı. Sonra həmin şəxs başqa bir istiqamətdə Arif Alişanova sui-qəsd olacağını bildirdi. Ağsudan Şamaxı istiqamətində hərəkət edən Şücayət Əkbərovun içində olduğu avtomobilə baxış keçirməyimizi istədi. Bu istək əsasında avtomobil Şamaxı yolunda saxlanıldı. Həmin avtomobilə baxış zamanı xeyli sayda silah-sursat aşkarlandı. Şücayət Əkbərov ifadəsində bu silahların ona deyil, başqasına məxsus olduğunu bildirdi".

Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.


.