Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğv edilməsi ilə bağlı şikayətə baxılıb.
APA-nın məlumatına görə, hakim Ülvi Mayılovun sədrliyi ilə keçirilən iclasda ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub. Bildirilib ki, şirkət Ali Məhkəməyə kasssasiya şikayəti verə bilər.
Məhkəmədə beynəlxalq təşkilat və səfirliklərin nümayəndələri də iştirak edib.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Prosesdən sonra ANS-in nümayəndəsi Raqif Mustafayev AzadlıqRadiosuna deyib ki, onlar bu qərarla razı deyillər: «Biz öz dəlillərimizi bildirdik, prosesdə buna etiraz elədik. Ancaq məhkəmə belə bir nəticəyə gəldi. Biz qərardan şikayət verəcəyik».
Mirşahin Ağayev: "Bu qərardan müvafiq instansiyalara şikayət edəcəyik”
"Məhkəmənin ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilməsi barədə qərarı ilə razı deyilik. Bu qərardan müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik”. APA-nın məlumatına görə, bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev deyib.
