
Azərbaycan Avropa Şurasına daxil olarkən könüllü olaraq demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində öhdəliklər götürüb və onlar təkcə siyasi deyil, həm də hüquqi xarakter daşıyır və mütləq icra olunmalıdır. Bu barədə sentyabrın 24-də axşam mətbuat konfransında AŞPA prezidenti Ann Brasser Azərbaycana səfərinin yekunları ilə bağlı bildirib.
O, ölkədə güclü müxalifətin fəaliyyət göstərməsi üçün qanunverici zəmanətlərin olmadığını və bunsuz da demokratiyanın mümkün olmadığını qeyd edib.
Həmçinin Brasser diqqəti vətəndaş cəmiyyət fəallarının son həbslərinə yönəldib.
O bildirib ki, Azərbaycana üçgünlük səfəri zamanı prezident, parlamentin spikeri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, ədliyyə naziri, baş prokuror, vətəndaş cəmiyyətinin fəalları, həbsxanada olan şəxslərlə görüşüb.
Onun sözlərinə görə, parlamentdə görüşlər zamanı əsas mövzu Qarabağ münaqişəsinin müzakirəsi olub.
"Üzv ölkələrin ərazi bütövlüyü müzakirə predmeti ola bilməz və Avropa Şurasının digər üzv dövlətləri tərəfindən bu prinsipə hörmətlə yanaşılmalıdır”, - o vurğulayıb.
Eyni zamanda qeyd edib ki, münaqişə dialoq yolu ilə nizamlanmalıdır və AŞ ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.
Brasser deyib ki, AŞPA-da Azərbaycan və Ermənistan nümayəndə heyətləri fəaliyyət göstərir, assambleya dialoq yolu ilə münaqişənin nizamlanmasına töhfə verə bilər. O xatırladıb ki, 2005-ci ildə AŞPA Qarabağ münaqişəsinə dair qətnamə qəbul edib.
Britaniyalı deputat lord Atkinsonun hesabatı əsasında qəbul edilən bu qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi bildirilib.
Sonra Brasser Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsinin vaciblyindən danışıb.
Onun sözlərinə görə, başqa ölkələrdə də bu məsələ ilə bağlı nöqsanlar və çatışmazlıqlar var, lakin onları aradan qaldırmaq lazımdır. Bundan ötrü mexanizmlər var və əsasən Azərbaycanla bağlı 2016-cı ilə qədər Fəaliyyət Planı var.
Brasser Azərbaycanın seçki sistemindəki çatışmazlıqlara diqqəti yönəldib. Onun sözlərinə görə, parlamentə seçkilərin yalnız majoritar yolla keçirildiyi şəraitdə arxasında güclü qurumların olmadığı şəxslər qanunverici orqana düşmürlər. Odur ki, Azərbaycanda güclü müxalifət yoxdur.
Brasserin sözlərinə görə, parlamentin rolu yalnız qanun qəbulundan ibarət olmamalıdır, həm də hökumətə nəzarəti həyata keçirməlidir. Bu, olmasa, demokratiya da olmayacaq.
O, son həbslərlə bağlı narahatlığını bildirib. Onun fikrincə, bu, məhkəmə sistemində islahatların aparılmasının vacibliyindən xəbər verir.
Brasser QHT-lərin fəaliyyətində və onların qeydiyyatı prosedurunda problemlərin olmasına da toxunub.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin fəaliyyəti, ifadə azadlığı hüququnun reallaşması üçün normal şərait yaradılmalıdır.
Brasser qeyd edib ki, Azərbaycanda fəal vətəndaş cəmiyyəti var və onun 11 nümayəndəsi ilə 4 saat söhbət edib.
O həmçinin tənqidi səslərə qarşı dözümlülüyün vacibliyini qeyd edib.
AŞPA prezidenti hesab edir ki, ölkədə müxalifətə və tənqidi fikirlərə tələbat var.
"Ölkədə inam çox azdır, bəlkə də heç yoxdur. Dialoq və inamın yaradılması vacibdir. Mən realistəm və hesab edirəm ki, bu, tez baş verməyəcək. Səbrli olmaq lazımdır”, - Brasser vurğulayıb.
O bildirib ki, mühakimə olunmuş müxalifət fəalları İlqar Məmmədov və Tofiq Yaqublu, həmçinin "Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədovla görüşüb.
Həbsdə olan digər fəallarla görüşünə imkan verilməyib və bu, onunla izah edilib ki, qanunvericilik istintaq altında olanlarla görüşə yol vermir.
"AŞPA prezidenti İlham Əliyevlə görüşündə QHT nümayəndələrinin təkid etdiyi kimi siyasi məhbusların dərhal azadlığa buraxılmasını xahiş edibmi?” sualının cavabında Brasser deyib ki, hələ fəallarla görüşündə qeyd etmişdi ki, "heç kim belə təklifi qəbul etməz”.
O deyib ki, konkret şəxslərin azadlığa buraxılması ilə ploblem həll olunmur, prosesi irəlilətmək üçün sistemli dəyişiklik lazımdır.
Qonaq siyasi məhbusların tezliklə azadlığa buraxılacağı ilə bağlı nikbin olmadığını qeyd edib. Eyni zamanda 1-2 nəfərin buraxılması imkanlarını istisna etməyib.
Brasser bildirib ki, vətəndaş cəmiyyəti fəallarının kütləvi həbslərinin səbəbləri ilə maraqlanıb və rəsmi şəxslər bildiriblər ki, bu, hansısa şahidin ifadələri əsasında araşdırma çərçivəsində aparılır.
O həmçinin məhkəməyəqədərki həbslər sahəsində qanunvericiliyə yenidən baxılmasının vacibliyini vurğulayıb.
Brasser təcridxanada Leyla Yunusa təzyiqlərin olması barədə məlumatlardan narahatlığını bildirib və bunun araşdırılmasına çağırıb.
.