
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyası tərəfindən təsdiqlənib.
Yol Xəritəsinə görə, elektron ödənişlərə əlçatanlığın artırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, ödəniş xidməti təchizatçıları tərəfindən elektron ödənişlərin həyata keçirilməsinə çəkilən xərclərin və elektron ödənişlərə sərf olunan vaxtın azaldılması imkanlarının təhlili, eləcə də Mərkəzi Bankın operatoru olduğu ödəniş sistemlərinin, o cümlədən Ani Ödəniş Sisteminin tarif siyasətinə yenidən baxılması və bununla sistemdən istifadənin genişləndirilməsinin təşviq edilməsi nəzərdə tutulub.
Yol Xəritəsində qeyd edilib ki, kredit təhlilinin avtomatik işlənməsinin təmin edilməsi üçün bankların daxili imkanlarının təkmilləşdirilməsi və müvafiq sahədə maarifləndirmə tədbirlərinin görülməsi, banklar arasında kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun mütəmadi olaraq aparılması, sorğu nəticələri və trendlər barədə ictimaiyyətin və maliyyə sektoru iştirakçılarının məlumatlandırılması, o cümlədən sorğu nəticələrinin monitorinqi, təhlili və qiymətləndirilməsi və kommunikasiya edilməsi planlaşdırılır.
.