“Bu gün dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib məsələlərdən biri də azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa edilməsidir. Bu ərazilərdə gerçəkləşdiriləcək abadlıq-qurucu­luq işlərinin miqyası da, şübhəsiz ki, çox böyükdür. Çünki təcavüzkar Ermənistan torpaqlarımızda əsl van­dalizm aktı törədib, bütün şəhər və kəndlərimizi tamamilə dağıdıb, tarixi abidələrimizi, məscidlərimizi məhv edib, bölgənin ekologiyasına çox ciddi ziyan vurub. Bu baxımdan Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinin həyata keçirilməsində, Qarabağa layiqli həyatın qaytarılmasında mühüm rol oynayacaq. “

Bu fikirləri Yenizaman.az- a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, artıq bir müddətdir ki, dövlətimiz tərəfindən Qarabağda yenidənqurma işlərinə başlanılıb: “Bu baxımdan, Fondun yaradılması dövlətin Qarabağ siyasətinin təzahürüdür. Hazırda dövlətimizin Qarabağ siyasətinin konkret təzahürü olan bu Fondun xətti ilə mərkəzləşdirilmiş qaydada görüləcək işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulacaq, orada infrastruktur yaradılacaq, müasir şəhər, qəsəbə və kəndlər tikiləcək, bölgəyə dinc, təhlükəsiz, rahat həyat gələcək, məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dirçəliş prosesində yeni iş yerləri açılacaq, ölkə həyatının bütün digər sahələrində də sürətli inkişafa nail olunacaq. Bütün bunlar isə birbaşa insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına da töhfə verəcək.”

Deputat bildirib ki, ən əsası isə ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir: “Bu gün heç kəs şübhə etmir ki, qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcək. Bütün bu proseslər də Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Məhz, Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış “Qarabağ Dirçəliş Fondu” da işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsində, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasında, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsində mühüm əhəmiyyət kəsb edir. Həmçinin, Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edir. Bu mənada, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədinə mühüm töhfə olacaq.”

.