“Sentyabrın 27-də səhər saatlarından işğalçı Ermənistanın hərbi birləşmələri Azərbaycana qarşı hücuma keçib və yeni ərazilərimizi işğal etmək məqsədilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə alıb. Artıq ikinci gündür ki, cəbhədə ağır döyüşlər davam edir. Rəşadətli Azərbaycan Ordusu düşmənə güclü zərbələr vuraraq onu geri oturdub və bütün cəbhəboyu əks-hücuma keçib. Rəsmi məlumatlara görə, işğal altında olan bir sıra yaşayış məntəqələri və strateji yüksəkliklər azad olunub”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Anar Məmmədov bildirib ki, işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi bir müddətdir ki, ölkəmizə qarşı təxribatlar həyata keçirir və bu məkrli addımından imtina etmək fikrində deyil. Onun sözlərinə görə, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı açıq şəkildə Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı: “Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. İyul ayında ermənilər Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq təkcə Tovuz hadisələri deyil, işğal olunmuş ərazilərdə “prezident seçkiləri”, “parlament seçkiləri”, “andiçmə mərasimi” keçirməsi və digər faktlar Ermənistanın ölkəmizə qarşı təxribatların göstəricisidir. Bunun ardınca isə erməni tərəfi sentyabrın 27-də növbəti dəfə təxribat törədərək ərazilərimiz ağır silahlardan atəşə tutdu. Beynəlxalq təşkilatların və dövlətlərin işğalçıların bu təxribatlarına susqunluğu fonunda Azərbaycan Ordusu öz sözünü deyir, düşmənə sarsıdıcı zərbə endirilir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 27-də Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, bizim işimiz haqq işidir, biz torpaqlarımızın işğaldan azad olunmasını istəyirik”.
Hazırda cəbhədə ordumuz tərəfindən uğurlu əməliyyatların davam etdiyini deyən millət vəkilinin sözlərinə görə, bir sıra ərazilərimiz və strateji yüksəkliklər işğaldan azad edilib: “Ordumuzun rəşadəti xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs əlina silah alıb torpaqlarımız uğrunda döyüşlərə getməyə hazırdır. Deputat kimi təmsil etdiyim Goranboy və Naftalan ictimaiyyəti də bütün vətəndaşlar kimi Ali Baş Komandanımıza, ordumuza güclü dəstək nümayiş etdirir. Belə bir şəraitdə sarsılmaz milli birliyimiz qürurvericidir. Təəssüf ki, döyüşlərdə şəhidlər də vermişik, amma bu müharibənin qanunudur. İnşallah, işğal altında olan bütün torpaqlarımız azad olunacaq və şəhidlərimizin ruhu da şad olacaq.   Bir məqamı da qeyd etmək istəyirəm ki, işğalçı tərəf beynəlxalq qanunları pozaraq mülki əhalini də hədəfə alır. Sentyabrın 27-də işğalçıların ağır silahlardan atdığı atəş nəticəsində Naftalanda bir ailənin beş üzvü həlak olub. Bu hadisə bir daha ermənilərin faşist mahiyyətini göstərir. Dünya ictimaiyyəti işğalçıların  bu vəhşiliyinə münasibət bildirməlidir”.


 

.