Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından və onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu gün Azərbaycan gəncləri ötən illərlə müqayisədə ölkənin ictimai-siyasi həyatında, sosial-mədəni tədbirlərində və digər daha fəal iştirak edirlər.
Bu fikirləri “Yenizaman.az”a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat qeyd edib ki, hazırkı dövrdə Azərbaycanda gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutmaqdadır. Ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş və ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş və gənclərimizin həyat tərzinin bir hissəsinə çevrilmişdir. Bu gün birmənalı şəkildə demək olar ki, könülülülk hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycan gəncləri bu hərəkatın lokomotividir və son illərdə, xüsusən Prezident İlham Əliyevin böyük dəstəyi sayəsində könüllülük fəaliyyəti sahəsində ciddi uğurlara imza atıblar. Bu gün onlar öz fəaliyyət sahələrini genişləndirərək, miqrasiya, diaspor, gömrük, aqrar inkişaf və digər sahələrdə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yardım edirlər. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.

2020-ci il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Könüllülər ili” elan edilmişdir. Ölkə başçısı gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə bu addımı atmışdır. Lakin çox təəssüf ki, Azərbaycanda “Könüllülər ili” COVID-19 pandemiyası ilə üst-üstə düşdü. Bütün dünyanı bürümüş COVİD-19 bəlası ilə təkbaşına mübarizə aparmağın mümkün olmadığı, xalq-iqtidar birliyinin, milli həmrəyliyin zəruri olduğu bu dönəmdə könüllülərin prosesdə aktiv iştirak etmələri zərurəti yarandı və könüllü gənclərimiz bu çətin vaxtda öz dəstəklərini əsirgəməyərək müxtəlif sahələrdə fəal iştirak etməyə başladılar. Əminliklə deyə bilərik ki, könüllülər COVID-19-un alovlanmasına qarşı olan mübarizənin ön sıralarındadırlar. Hal-hazırda müxtəlif könüllü təşkilatları sosial mediada geniş miqyaslı müxtəlif təyinatlı maarifləndirmə kampaniyalarını fəal şəkildə aparır, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırır, şəxsi gigiyena və sosial təcrid olunmanın əhəmiyyəti ilə bağlı müxtəlif virtual aksiyalar təşkil edir, tənha və ahıl vətəndaşlara sosial xidmətlərin göstərilməsində iştirak edirlər. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, "Asan" könüllülərinin və digər könüllü cəmiyyətlərin nəzərəçarpan fəaliyyəti olub. Bununla yanaşı İkinci Qarabağ müharibəsi zamanı könüllü şəkildə yaşından asılı olmuyaraq igid qardaşlarımızın ordu sıralarına yazılaraq Vətənin müdafiəsinə hazır olduqlarını göstərmələri könüllülük hərəkatının fədakarlıq və vətənpərvərlik kimi ən ali dəyərlər üzərində qurulmasından xəbər verir.

Beləliklə, bu gün Azərbaycanda böyük bilik və təcrübəyə yiyələnmiş geniş könüllülər ordusu fəaliyyət göstərir. Bu il dövlət başçımızın sərəncamı ilə onların ilidir. Hesab edirəm ki, bu sahədə səmərəli xidmətlərini davam etdirən gənclərimiz öz fəaliyyətlərində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə böyük əzmlə çalışmaqda davam edəcəklər. Biz də hər ötən il ilə müqayisədə "Azərbaycanın gələcəyi etibarlı əllərdədir” sözlərini ürəkdolusu deyə biləcəyik.

.