Anar Kərimov: “Biz Şuşaya mədəniyyətimizi yox, mədəniyyəti gətiririk”
“28 il ərzində Azərbaycanın qədim xalçaçılıq nümunələri, eyni zamanda, qiymətli əşyalar, əlyazmalar, digər muzey eksponatları ölkəmizdən qeyri-qanuni çıxarılaraq satılıb, talan edilib”.
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi bunların hamısını aşkar etməyə çalışır: “Bu, asan proses deyil, amma ən azından biz bu məsələləri nəzarətdə saxlayırıq. Artıq Qarabağdan olan, 18 və 19-cu əsrlərə aid iki Azərbaycan xalçası müəyyən etmişik, Mədəniyyət Nazirliyi onları hərracdan almaq niyyətindədir. Bu xalçalar Azərbaycana gətirilən kimi geniş ictimaiyyətə təqdim edəcəyik. Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı açılandan sonra isə biz o xalçaları Şuşada nümayiş etdirəcəyik. Düzdür, hələ ki, bu haqda danışmaq tez olsa da, biz Şuşada olan bütün mədəniyyət abidələrimizin, mədəniyyət müəssisələrimizin bərpasını nəzərdə tutmuşuq. Çünki biz Şuşaya mədəniyyətimizi yox, mədəniyyəti gətiririk, çünki bunlar Şuşada təəssüflər olsun ki, məhv edilmişdi, biz onu Şuşaya qaytarırıq”.
“Xudafərin körpüləri Azərbaycan memarlıq məktəbinin ən görkəmli nümunələrindən biridir”.
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
O bildirib ki, Xudafərin körpüləri bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir: “Bununla əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. İlk növbədə Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir. Bundan sonra isə Xudafərin körpələri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir. Çünki Xudafərin körpüləri Azərbaycan memarlığının incilərindən hesab edilir”.
Anar Kərimov: “Tarixi eksponatların ermənilər tərəfindən daşınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək”
“Azərbaycana məxsus maddi-mənəvi mirasın, tarixi eksponatların ermənilər tərəfindən daşınmasını qətiyyətlə pisləyirik, bu, bir daha ermənilərin vəhşi xislətinin göstəricidir”.
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
O bildirib ki, hər bir maddi-mədəni abidə Azərbaycana məxsusdur: “Çünki bu, Azərbaycan ərazisində olan dəyərdir. Bu mülkiyyətin qeyri-qanuni olaraq Azərbaycandan çıxarılması beynəlxalq hüquq normalarına ziddir, eyni zamanda bəşəri dəyərlər də hörmətsizlikdir. Biz bunu qətiyyətlə pisləyirik. Bununla əlaqədar olaraq beynəlxalq təşkilatlara, xüsusilə UNESCO-ya müraciətlər olunub. Bundan sonra da bu iş davam etdiriləcək. Biz hesab edirik ki, bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət verilməlidir. Çünki Azərbaycanda olan mədəni miras mənşəyindən asılı olmayaraq, istər xristian, istər alban mirası olsun, ya da ki, erməni mirası olsun, Azərbaycanın mülkiyyətidir və ölkədən çıxarılması qeyri-qanunidir. Bildiyiniz kimi UNESCO-nun 1970-ci il konvensiyasına görə mədəni mülkiyyətin qeyri-qanuni olaraq ölkədən çıxarılması konvensiyasındakı müddəaların icra edilməsi ilə bağlı hökumətlərarası komitə mövcuddur. Həmin komitədə bundan sonra da məsələ qaldıracağıq ki, ermənilərin bu addımına hüquqi qiymət verilsin”.
Anar Kərimov: "Beynəlxalq və yerli ekspertlər Şuşanın tarixi mərkəzinə səfər edəcək"
"İşğaldan azad edilməsindən dərhal sonra Şuşanın UNESCO-nun Mədəni İrs siyahısına salınması üçün işlərə başlamışıq".
Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin I müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.
Onun sözlərinə görə, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşa Tarixi-Memarlıq Qoruğu yaradılıb: "2001-ci ildə isə Azərbaycan tərəfinin təklifi ilə Şuşa şəhəri UNESCO-nun ilkin siyahısına daxil edilib. Sadəcə olaraq, Şuşa 28 il düşmən tapdağında olduğu üçün və oradakı bir sıra tarixi abidələr - qala divarı, ev muzeyləri, məscidlər barbarcasına dağıdıldığı üçün biz bunu Ümumdünya İrs siyahısına daxil etmək iqtidarında deyildik. Lakin Şuşa işğaldan azad edilən kimi biz dərhal elan etdik ki, işlərə başlamışıq. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqələr yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək".
.
