“Ermənistanın terroru nəticəsində Gəncə, Tərtər və Bərdədə həlak olan mülki insanlarımıza Allah rəhmət eləsin, yaxınlarına başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm”.

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Mədəniyyət nazirinin birinci müavini, nazir əvəzi Anar Kərimov bildirib.

Xurşudbanu Natəvan və Mola Pənah Vaqif kimi ədiblərin Qarabağda yaşayıb yaratdıqlarını xatırladan A. Kərimov deyib ki, Molla Pənah Vaqif vaxtı ilə Qarabağ xanlığının vəziri olub: “Klassik musiqimizin banisi olan Üzeyir Hacıbəyov, yazıçı Əbdürrəhim Haqverdiyev, ssenarist, müğənni Bülbül kimi insanlar Qarabağda anadan olub. Qarabağ Azərbaycan üçün bir mədəniyyət mərkəzi idi”.

A. Kərimov nəzərə çatdırıb ki, UNESCO tərəfindən bəşəriyyətin irsi kimi qəbul edilən muğamın da beşiyi Qarabağdır: “Qarabağ qədim xalçaçılıq ənənələrinə malikdir. Qarabağ atları barədə də yəqin ki, məlumatlısınız. Cıdır düzünə gəlincə, Ermənistanın baş naziri orada sərxoş şəkildə rəqs edirdi. Həmin Cıdır düzündə Qarabağ atları ilə zamanında çövkən oyunları keçirilirdi. Bütün bunlar Azərbaycan mədəniyyətinin mühüm elementləridir. Qarabağda baş verən hər bir hadisə bizim ürəyimizə toxunur. Ona görə də torpaqlarımızın işğaldan azad edilməsindən danışanda söhbət yalnız ərazi bütövlüyümüzün bərpasından getmir. Bu, həm də zamanında orada  yaşamış, sonra oradan didərgin düşmüş insanların bu mədəniyyəti yenidən yaşatmaq şanslarını onlara verməkdən ibarətdir. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb”.

Anar Kərimov: “İrəvan xanlığının ərazisində 300 məscid olub, indi cəmi biri qalıb”

“Rusiya arxivlərinə baxsaq, 100 il əvvəl İrəvan xanlığı ərazisində 300 məscid olub”.

Bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Mədəniyyət nazirinin birinci müavini, nazir əvəzi Anar Kərimov bildirib.

A. Kərimov deyib ki, hazırda İrəvanın mərkəzində yalnız bir məscid qalıb: “Təsəvvür edin ki, 300 məsciddən bir məscid qalıb. Bu da tarixi terrorçuluğun növbəti sübutudur”.

.