“Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” Şirkətlər Qrupu tərəfindən Azərbaycan Minatəmizləmə Agentliyi Agentliyə (ANAMA) təhvil verilib.
Bu barədə agentlikdən bildirilib.
Qeyd olunub ki, bu ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırır.
Humanitar minatəmizləmə fəaliyyəti məqsədilə istifadə edilən “Revival P” mexaniki vasitələri 2000 metrə qədər uzaq məsafədən idarə olunur. Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal minatəmizləmə zamanı “Revival P”in mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir.
“İmprotex” Şirkətlər Qrupu ilə bağlanmış müqaviləyə əsasən cari ilin sonunadək ümumilikdə 8 ədəd olmaqla, 6 ədəd “Revival P” və 2 ədəd “Revival T” minatəmizləmə maşınlarının alınması nəzərdə tutulub.
Yerli istehsal olan mexaniki vasitələr işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz məskunlaşmasına böyük töhfə verəcək.
.