Bü gün Azərbaycanda çoxsaylı intihar hadisələri qeydə alınıb. Bakının Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Gəncə prospekti ev 50, mənzil 75 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Natalya Denisova yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb və aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Daha sonra Ağdaş rayonunda da intihar hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 06:00 radələrində Ağdaşın Aşağı Qəsl kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Fazil Vidadi oğlu yaşadığı evin həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Qəssablıqla məşğul olan F. Cabbarovun özünə qəsd etməsinin səbəbi hələlik tam məlum deyil.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İlkin ehtimala görə, o, ayrı-ayrı şəxslərə külli miqdarda pul borcu olduğu üçün intihar edib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bundan əlavə daha bir intihar hadisəsi Azərbaycanın Göygöl rayonunda baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Emil Tağıyev kənddə yerləşən yüksəkgərginlikli elektrik dirəyinə çıxaraq, naqilə toxunub və hadisə yerində ölüb.
Yaxınlarının sözlərinə görə E. Tağıyev toy mərasimində iştirak edib, evə qayıtdıqdan sonra intihar edib.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.
Daha bir intihar faktı Sabunçu rayonunda qeydə alınıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Maştağa sakini, 1974-cü il təvəllüdlü İmran Sahib oğlu Bağırov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, bu, bir neçə gün içərisində Maştağada qeydə alınan 3-cü intihar hadisəsidir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
.