
"Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib”.
APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov söyləyib.
Ə. Həsənov deyib ki, Amnesty İnternational təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: " Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational adından yayılan bəyanatın əsası yoxdur”.
Qeyd edək ki, Amnesty İnternational təşkilatı üzvünün Azərbaycana buraxılmaması barədə məlumat yayıb.