
Hüquq müdafiəçisi İntiqam Əliyevin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi hökumətin Avropa Oyunları ərəfəsində bütün tənqidçiləri susdurmaq cəhdlərindən xəbər verir. Bu barədə Amnesty International beynəlxalq hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
"İntiqam Əliyev Avropa Oyunları ərəfəsində bütün problemləri ört-basdır etmək məqsədilə aparılan kampaniyanın son qurbanlarından biridir. Hakimiyyətin hərəkətlərini belə başa düşürük: problemlər haqda danışmağa cəsarət edən hər kəs cəzalandırılacaq”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.
"İntiqam Əliyevin "yeganə cinayəti” öz soydaşlarının hüquqlarını müdafiə etməsidir. O həbs olunmamalıydı. O, dərhal və şərtsiz azad edilməlidir”, - bəyanatda vurğulanır.
Ötən həftə Amnesty International digər hüquq müdafiəçisi Rəsul Cəfərovun 6,5 il müddətinə azadlıqdan məhrum edilməsini pisləyib.
Təşkilat hesab edir ki Azərbaycan həbsxanalarında ən azı 20 "vicdan məhbusu” var və onların azadlığa buraxılmasını tələb edir.