
Amerikada 24 yaşlı azərbaycanlı Evelin Vəlibəyovanın oğurlanaraq qətlə yetirilməsində şübhəli bilinən Con Kastonqau federal həbsxanadan azadlığa buraxılacaq.
APA-nın "wcvb.com” saytına istinadən verdiyi məlumata görə, 53 yaşlı şübhəli şəxs vaxtından əvvəl şərti azadlığa çıxma qaydalarını pozduğu və vaxtında polisdə qeydiyyatdan keçmədiyi üçün iki il müddətinə həbs edilmişdi. C. Kastonqau E. Vəlibəyovanın Şimali Kuinsidəki çoxmənzilli evində təmir işləri ilə məşğul olub və sorğu zamanı bu fəaliyyətini gizlədib. Lakin o, cinayət faktı ilə bağlı məsuliyyətə cəlb olunmayaraq azadlığa buraxılır.
Mərhumun anası Nərgiz Vəlibəyova Con Kastonqaunu qızının qətlində ittiham edib: "Mən hesab edirəm ki, günahsız qızım bu vəhşinin əli ilə qətlə yetirilib və indi o, həbsxanadan çıxır. Yəqin ki, çıxdıqdan sonra yenə öz çirkin əməllərinə davam edəcək”.
Xatırladaq ki, daha əvvəl 9 yaşlı qızı oğurlamaqda günahkar bilinən Con Kastonqau 50 il müddətinə azadlıqdan məhrum edilsə də, 19 ildən sonra - 2006-cı ildə azadlığa çıxıb. O, növbəti dəfə 2013-cü ildə vaxtından əvvəl şərti azadlığa çıxma qaydalarını pozduğu və vaxtında polisdə qeydiyyatdan keçmədiyi üçün iki il müddətinə təkrar həbs edilib.
Norfolk prokuroru Devid Traub məsələ ilə bağlı açıqlamasında Vəlibəyovanın oğurluğu ilə bağlı cinayət hadisəsinin "açıq və aktiv” qaldığını bildirib.
Xatırladaq ki, Evelin Vəlibəyova sonuncu dəfə Şimali Kuinsi ştatında 16 iyul 2011-ci il tarixində, Red Line qatarında görünüb.