ABŞ kəşfiyyatı ötən həftə Misirin Sina yarımadasında qəzaya uğrayan Rusiya sərnişin təyyarəsinin göyərtəsində bomba partladığını bildirir.
Virtualaz.org xəbər verir ki, bu haqda CNN telekanalı xəbər yayıb. Bununla belə Amerika hərbi kəşfiyyatındakı mənbələr deyib ki, onların əlində təyyarənin partladılacağına dair əvvəlcədən informasiya olmayıb. Terrorçuların nəsə planlaşdırdıqları barədə qənaət ABŞ kəşfiyyatında onların təyyarənin qəzaya uğraması ərəfəsində Sina yarımadasındakı fəallığının qeydə alınması nəticəsində yaranıb.
Xəbər verildiyi kimi Rusiyanın "Koqalımavia” şirkətinə məxsus Airbus A32 təyyarəsinin qəzaya uğraması nəticəsində 224 nəfər həlak olub. "İslam dövləti”inə bağlı olan və Sina yarımadasında fəaliyyət göstərən radikal islamçı qruplaşma təyyarənin onlar tərəfindən vurulduğunu bildirib. Ancaq nə Rusiya, nə Misir hakimiyyəti bu versiyaya inanmır.
Təyyarənin texniki nasazlıq üzündən qəzaya uğradığı əsas versiya olsa da "qara qutu”nun deşifrə edilməsi nəticəsində məlum olub ki, qəza anına qədər pilotlar hər hansı texniki nasazlıq qeydə almayıblar. Həmçinin sərnişinlərin cəsədlərinin müayinəsi təyyarədə partlayış baş verdiyinə dair güclü şübhələr meydana çıxarıb.
"Müəyyən qənaət var ki, təyyarədə partlayıcı qurğu işə düşüb, onu ya göyərtəyə, ya baqaj hissəsinə qoyublar”-Amerika kəşfiyyatındakı mənbə bildirib.Mənbə deyib ki, "İslam dövləti” terrorçuları arasında radiodanışıqların qeydə alınması nəticəsində onların təyyarənin göyərtəsinə bomba qoyduqlarına dair ehtimal yaranıb. Öz növbəsində Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, Rusiya laynerinin göyərtəsinə bomba qoyulması ehtimalı olduqca yüksəkdir. Bu səbəbdən Britaniya Sina yarımadası üzərindən bütün uçuşları dayandırıb.
.
