Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi “İlin qalib gənc alimi” mükafatı ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının müəllimi Rövşən Əhmədova təqdim olunub.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın gənc alimlərin stimullaşdırılması məqsədilə 2023-cü ildən təsis etdiyi “İlin qalib gənc alimi” mükafatı ilk dəfə olaraq Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədova təqdim olunub. Mükafatın dəyəri min beş yüz manatdır.
Mükafatlandırma mərasimi AMEA Rəyasət Heyəti, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə baş tutub. Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru AMEA-nın müxbir üzvü Afiq Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının Təhsil şöbələrinin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və üzvləri iştirak ediblər.
İlk dəfə olaraq “İlin qalib gənc alimi” mükafatı ilə təltif olunan Milli Aviasiya Akademiyasının müəllimi texnika elmləri üzrə fəlsəfə doktoru Rövşən Əhmədov 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-2017-ci illərdə Milli Aviasiya Akademiyasının “Elektronika, telekommunikasiya, radiotexnika mühəndisliyi” ixtisası üzrə bakalavr, 2017-2019-cu illərdə həmin Akademiyanın “Radioelektron mübarizə vasitələri” ixtisasılaşmasında magistr pilləsində təhsil alıb.
2020-ci ildə Milli Aviasiya Akademiyasında “Radiotexnika, radionaviqasiya, radiolokasiya, televiziya sistemləri və qurğuları” ixtisası üzrə doktoranturaya qəbul olub. 22 sentyabr 2022-ci ildə “Yeni fiziki effektlərə əsaslanan optimal radioqəbul sistemləri” adlı dissertasiya işini müdafiə edib. 2023-cü il sentyabr ayının 1-də texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
.